...

AŞPA Ermənistanda baş verənlərə göz yummamalıdır - nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 17 Aprel 2008 17:26 (UTC +04:00)
AŞPA Ermənistanda baş verənlərə göz yummamalıdır - nümayəndə heyətinin rəhbəri

Fransa, Strasburq, 17 aprel/ Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanda baş verənlərə diqqətlə yanaşmalı və bu məsələlərə göz yummamalıdır. "AŞPA Azərbaycan və Gürcüstana diqqətlə yanaşırsa, Cənubi Qafqazın digər bir ölkəsi olan Ermənistanda baş verənlərə də diqqət yetirməlidir", - deyə Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı cümə axşamı AŞPA sessiyası çərçivəsində aparılan təcili müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Fevralın 19-da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hakimiyyətin namizədi, o vaxtkı Baş nazir Serj Sarkisyanın 52,25% səs toplayaraq qalib gəldiyini açıqlayıb. Müxalifətin əsas namizədi olan eks-prezident Levon Ter-Petrosyanın tərəfdarları bununla razılaşmayaraq fasiləsiz aksiyalara başlayıblar. Dinc nümayişlər martın 1-dən 2-nə keçən gecə hüquq-mühafizə orqanları tərəfindən xüsusi qəddarlıqla dağıdılıb. Doqquz nəfər qətlə yeririlib, yüzlərlə adam yaralanıb və həbs olunub.

"Hazırkı hesabat birinci gün verilən variantdan daha artıq tarazlaşdırılıb. Ermənistandan tələb olunur ki, çatışmamazlıqları aradan qaldırsın və müstəqil təhqiqat aparılsın. Əgər hazırkı vəziyyətə yumşaq yanaşsaq, onda digər ölkələrlə nə cür müqayisə apara bilərik? Ölkələr bir-biri ilə müqayisə edilməlidir. Mən Ermənistanı digər ölkələrlə müqayisə etmək olmaz fikrinə etiraz edirəm", - deyə Seyidov əlavə edib.

Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva isə bildirib ki, seçkilərdə kiçik pozuntular baş verən ölkələri təmsil edən nümayəndə heyətini AŞPA-da səsvermə mandatından məhrum etmək istəyirlər: "Amma bu qədər vəhşiliklə müşayiət olunan seçkilərə görə Ermənistan nümayəndə heyətini mandatdan məhrum etmək barədə bir kəlmə belə danışılmır. Kütləvi insan tələfatı ilə müşayiət olunan qeyri-demokratik prezident seçkilər nə vaxtdan Avropa Şurasının standartlarına uyğun olub? 5-10 nəfərə görə siyasi məhbus üzrə məruzəçi təyin etməyə çalışırlar. Amma 100-dən artıq həbsə alınmış partiya üzvlərinə, keçmiş deputatlar və digər siyasi xadimlərə görə heç bir məruzəçinin təyin edilməsindən danışmırlar".

Hacıyeva bildirib ki, Ermənistanın yeni prezidenti Sarkisyan açıq etiraf edir ki, Xocalı qırğınını törədəndə məqsədləri psixoloji üstünlük qazanmaq olub: "İndi biz belə bir şəxsin hakimiyyətə gəlişini qanuniləşdirməyə çalışırıq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti