...

Azərbaycan Parlamenti xarici ölkələrin bayrağından istifadəni məhdudlaşdırıb

Siyasət Materials 25 Aprel 2008 18:22 (UTC +04:00)
Azərbaycan Parlamenti xarici ölkələrin bayrağından istifadəni məhdudlaşdırıb

Azərbaycan, Bakı, 25 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti xarici ölkələr və beynəlxalq təşkilatların bayrağından istifadənin qaydalarını müəyyənləşdirən qanun qəbul edib. "Qanuna əsasən, Azərbaycanda fəaliyyət göstərən xarici və yerli təşkilat, şirkət, ticarət obyekti, istirahət və əyləncə mərkəzləri və digər yerlərdə xarici ölkələrin bayraqları qaldırıla bilməz", - deyə Parlamentin cümə günü keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

İclasda "Azərbaycanda xarici ölkələrin və beynəlxalq təşkilatların bayraqlarının istifadə qaydaları haqqında" qanun layihəsi ikinci və üçüncü oxunuşda müzakirə olunub.

Qanuna əsasən, xarici ölkələrin və beynəlxalq təşkilatların bayraqları diplomatik nümayəndəlik, konsulluq binaları və onların rəhbərlərinin iqamətgahları üzərində qaldırıla bilər.

Bundan başqa, qanuna görə, xarici dövlətlərin və ya beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri zamanı protokol qaydasında müəyyən olunan yerlərdə, Azərbaycanın daxili sularında üzən və limanlarında dayanan xarici gəmilərdə və Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə xarici ölkələrin bayraqları qaldırıla bilər.

"Beynəlxalq hüquq normalarında və diplomatik protokol qaydalarında nəzərdə tutulan yerlər istisna olmaqla, digər yerlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarından istifadə qadağandır", - deyə Seyidov əlavə edib.

Qanunu pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Parlament qanunu qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti