...

Azərbaycanın müxalif deputat qrupu siyasi partiyaları seçkidə iştiraka çağırıb

Siyasət Materials 28 Aprel 2008 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Müsavat Deputat Qrupu müxalifət partiyalarını prezident seçkisində iştiraka çağırıb. "Müxalifətin əsas qüvvələrinin koordinasiya olunmuş şəkildə seçkidə iştirakı vacibdir. Seçkidə iştirak etməmək barədə çağırışlarla uğurların qazanılacağı problemlidir. Müxalifətin əsas qüvvələri resurslarını birləşdirsələr, demokratik müqavimət təşkil etmək mümkündür" bazar ertəsi Trend -a Müsavat Deputat Qrupunun üzvü, deputat Pənah Hüseyn bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Üç müxalifət partiyasını təmsil edən "Azadlıq" bloku seçki mühitinin və seçki qanunvericiliyinin normal olmadığını əsas gətirərək seçkini boykot etmək niyyətindədir. Digər müxalifət partiyaları bu çağırışı qəbul etmirlər. Artıq Müsavat, Ümid, Demokrat, Yaşıllar, Böyük Quruluş, Sosail Demokrat və başqa partiyalar seçkidə iştirak qərarlarını açıqlayıblar.

Hüseyn deyib ki, seçkilərdə iştirak hakimiyyətə qarşı mübarizə üsullarından ən əlverişlisidir. Seçkilərdə iştirakın hakimiyyət üçün ölkədə demokratik mühitin olması görüntüsünü yaratmağa imkan verəcəyi fikrinə gəldikdə isə millət vəkili vurğulayıb ki, Azərbaycandakı vəziyyət barədə beynəlxalq aləmin tam məlumatı var. Ona görə də seçkidə iştirak etməməklə Azərbaycandakı vəziyyət barədə daha düzgün təssəvvür yaradacaqlarını düşünənlər yanılırlar. Hüseyn hesab edir ki, demokratik seçki mühiti, əhəmiyyətli olmasına baxmayaraq, təkcə qanunvericilikdən asılı deyil. Onun fikrincə, həlledici amil cəmiyyətin fəallığıdır və mübarizəyə cəlb olunmasıdır. Cəmiyyətin mübarizəyə cəlb olunmasının ən əsas yolu isə müxalifətin seçkidə iştirakıdır.

Azərbaycan Parlamentində yaradılan Müsavat Deputat Qrupuna 5 müxalifətçi deputat daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti