...

Qüdsdə dünya liderlərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 2 May 2008 13:04 (UTC +04:00)

İsrail, Qüds, 03 may / Trend , müxbir R.Abdullayev/ İsrail prezidenti Şimon Peresin himayəsi altında mayın 13 -15 - də Qüds şəhərində İsrailin müstəqilliyinə həsr olunmuş "Sabaha müraciət edək" adlı beyənlxalq konfrans keçiriləcək. Beynəlxalq konfrans təşkilatçılarının Trend a verdiyi məlumata görə, forumun işində 13 dövlətin hazırkı rəhbərləri, beş keçmiş prezident, üç baş nazir, dörd xarici işlər naziri, səkkiz Nobel mükafatı laureatı və dünyanın 30 aparıcı ölkəsinin daha 800 nümayəndəsi iştirak edəcək. Konfransda ABŞ, Gürcüstan, Ukrayna, Xorvatiya, Albaniya, Polşa, Monqolustan, Slovakiya və Macarıstan prezidentlərinin iştirakı gözlənilir.

ABŞ prezidenti Corc Buş və İsrail prezidenti Şimon Peres ABŞ və İsrail arasında strateji tərəfdaşlıq və ittifaqın 60 illiyinə həsr olunmuş çıxış edəcəklər.

Konfransın proqramı bu gün insan həyatının müxtəlif sahələrinin daha mühüm innovasiyalarına həsr olunmuş altı bölməyə ayrılıb. İsrail və dünya alimləri iqtisadiyyat, yüksək texnologiyalar, tibb, fəlsəfə, şəxsiyyətlərararası münasibətlər, yer, dəniz və hava sahələrində, şəhər həyatı, intellektual və virtual texnologiyalar sahələrində öz işlərini təqdim edəcəklər.

"Google" axtarış servisinin təsisçisi Sergey Brin, "Yahoo" axtarış servisinin təsisçisi və keçmiş prezidenti Terri Semel, "Yahoo" axtarış servisinin prezidenti Syuzan Deker, "Facebook"un təsisçisi Mark Tsukerberq, SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov, Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissincer, Yaxın Şərq dördlüyünün nümayəndəsi Toni Bleer və "News Corp"un rəhbəri Rupert Merdok "Şimon Peresin prezident konfransı"da iştirak etməyi planlaşdırırlar.

"Sabaha müraciət edək" beyənlxalq konfransını dünyanın 500-dən çox jurnalisti işıqlandıracaq.

Xəbər lenti

Xəbər lenti