...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Siyasət Materials 9 May 2008 11:26 (UTC +04:00)
Azərbaycanda Qələbə Günü qeyd olunur

XX əsrdə İkinci Dünya Müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətta bütün bəşəriyyəti təhlükə altına almışdı.

İkinci Dünya Müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümayiş etdirib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunmuş, 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanmışdılar. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübarizə yolu keçmişlər. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabitləri isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif ediliblər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Həmin illərdə respublika iqtisadiyyatının cəbhə istehsalı yoluna keçirilməsi məqsədilə böyük işlər görüldü. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başladı. Qısa zaman ərzində Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına çevrildi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq, cəbhəni və sənayemizi yanacaqla təmin etdilər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradıldı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın neft tarixində ən çox, 23,5 millyon ton neft istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya Müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman və cəsərətli xalq olduğunu bir daha sübut etdi.

Xəbər lenti

Xəbər lenti