...

Azərbaycanda prezidentliyə namizədlərə dövlət televiziyasında pulsuz efir vaxtının verilməsinə qadağa qoyulacaq

Siyasət Materials 10 May 2008 13:39 (UTC +04:00)
Azərbaycanda prezidentliyə namizədlərə dövlət televiziyasında pulsuz efir vaxtının verilməsinə qadağa qoyulacaq

Azərbaycan, Bakı, 10 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliyə görə, prezident seçkilərində namizədlərə Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətində pulsuz efir vaxtı verilməyəcək. "Məcəlləyə edilən dəyişiklərə görə, bundan sonra Azərbaycan dövlət televiziyasında və radiosunda seçkiqabağı kampaniyanın aparılması qadağan olunacaq" - şənbə günü Trend -a Məcəllənin son variantı ilə tanış olan deputat Zahid Oruc bildirib.

Seçki və səsvermə prosesinin təkmilləşdirilməsi üçün Venesiya Komissiyası ilə Azərbaycan hökumətinin birgə müzakirələri nəticəsində, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib.

Seçki Məcəlləsinin əvvəlki variantında prezidentliyə namizədlərin təbliğatı üçün AzTV-də həftədə 6 saat pulsuz təbliğat imkanı yaradılırdı. Efir vaxtının 3 saatı dövlət televiziyasında (AzTV), 3 saatı isə, dövlət radiosunda ayrılırdı. Oruc bildirib ki, Məcəlləyə dəyişikliklərdə prezidentliyə namizədlərin yalnız digər özəl telekanallarda öz hesablarına təbliğatı qeyd edilib.

Millət vəkili, həmçinin, qeyd edib ki, Məcəlləyə yeni dəyişikliklərdə seçkiqabağı təşviqat materiallarının yaşayış binalarında yerləşdirilməsi qəti şəkildə qadağan olunub. Namizədlərin seçki təbliğatı üçün xüsusi yerlər ayrılacaq.

Seçki Məcəlləsinin əvvəlki variantında namizədləırin seçki təbliğatı üçün reklamların yaşayış binalarında yerləşdirilməsinə qadağa yox idi.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Oruc deyib ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin mayın sonunadək parlamentə müzakirəyə çıxarılması gözlənilir. Onun sözlərinə görə, ümumilikdə Məcəllənin 86 maddəsində əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti