Azərbaycan, Bakı, 13 may / Trend , müxbir S.Ağayeva/ Çində baş verən zəlzələ nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur.
Azərbaycanın Pekindəki səfirliyindən çərşənbə axşamı telefonla Trend -a verilən məlumata görə, bu gün Azərbaycan səfirliyinə azərbaycanlıların ölməsi və ya yaralanmasına dair heç bir bildiriş daxil olmayıb.
Çində bazar ertəsi yerli vaxtla saat 14:28-də on minlərlə insanın həyatına son qoyan 7,6 bal gücündə zəlzələ baş verib.
Diplomatik nümayəndəlikdən bildiriblər ki, səfirlik Çində müvəqqəti yaşayanlar və təhsil alan tələbələrlə əlaqə saxlayır, hələ ki, Azərbaycan vətəndaşlarının zərər zəkməsi və ya itgin düşməsi ilə bağlı bildiriş alınmayıb.
Son məlumatlara görə, yeraltı təkanların episentrində binaların 80 faizi dağılıb. Çinin Sıçuan əyalətində güclü zəlzələdən zərər çəkən 60 min insanın həyatı naməlum olaraq qalmaqdadır. Təbii fəlakətdən daha çox zərər çəkən Vençuanda 30 min insan evsiz qalıb. Hazırda onlar küçədə yağış altında qalıblar.
Hadisə yerində təxminən 17 min əsgər xilasetmə işlərinə cəlb edilib, daha 34 min hərbçi isə onlara kömək üçün göndərilib. "Sinxua" agentliyinin verdiyi məlumata görə, zərərçəkənlərin daşınması üçün hərbi-nəqliyyat təyyarələri cəlb olunub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend