Azərbaycan, Bakı, 14 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı birgə hazırladıqları layihə olduğu kimi qəbul edilərsə, müxalifət partiyaları payızda keçiriləcək prezident seçkisini boykot edəcəklər. "Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər aparıcı müxalifət partiyalarının prezident seçkilərində iştirakına mənfi təsir göstərəcək" - deyə çərşənbə günü Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunan zaman Parlamentdə müxalifəti təmsil edən Müsavat Deputat Qrupunun üzvü Pənah Hüseyn bildirib.
Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının birgə müzakirələrindən sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, prezidentliyə namizədlərin dövlət televiziyası və radiosunda, dövlət mətbuat orqanlarında pulsuz təbliğatının aparılması qadağan olunub. Həmçinin özəl telekanallarda namizədlərin təbliğatının "Reklam haqqında" qanuna uyğun aparılması qeyd olunub. "Reklam haqqında" qanuna əsasən prezidentliyə namizədlər sutka ərzində yalnız 25 faiz efir vaxtından istifadə edə bilər.
Seçki Məcəlləsinin əvvəlki variantında prezidentliyə namizədlərə dövlət televiziyası və radiosunda pulsuz 6 saat efir vaxtı verilirdi. Bundan əlavə namizədlər özəl telekanallarda sutka ərzində seçki təbliğatı apara bilərdi.
Hazırda prezidentliyə namizədlər yalnız İctimai Televiziyada pulsuz efir vaxtından istifadə edə biləcəklər.
Hüseyn qeyd edib ki, Məcəlləyə təklif olunan dəyişikliklər daha çox texniki xarakter daşıyır: "Bəzi dəyişikliklər isə seçki praktikasının daha da pisləşməsinə xidmət edir", Hüseyn əlavə edib. Onun sözlərinə görə, dövlət televiziyası və radiosunda seçki təbliğatının qadağan olunması müxalifətin imkanlarını məhdudlaşdırır.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov isə bildirib ki, Məcəlləyə təklif olunan dəyişikliklər bütün siyasi qüvvələrə aiddir və müxalifətin imkanlarının məhdudlaşdırılmasına xidmət etmir.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]