Azərbaycan, Bakı,14 may / Trend , müxbir R.Hafizoğlu/ Fələstin dövlətinin bu günə qədər yaranmamasının əsəs səbəbi Fələstindəki İslami Müqavimət Təşkilatı " Həmas"ın fəaliyyəti ilə deyil, İsraildə sionist rejiminin hakim olması ilə bağlıdır - deyə "Həmas" mətbuat katibi Muşir əl-Masri Trend -a bildirib.
"İsraildə sionistlər olmasaydı, Fələstin dövləti çoxdan qurulardı" - deyə əl-Masri əlavə edib.
İsrailin prezidenti Şimon Peres mayın 14-də İsrailin qurulmasının 60 illiyi ilə Qüdsdə keçrilən konfransda bildirib ki, "Həmas" olmasaydı, müstəqil Fələstin dövləti çoxdan qurulardı. Peres - "Həmas"ın raketləri var, amma gələcəyi yoxdur" deyə əlavə edib.
"Həmas" təşkilatı 1987-ci ildə qurulub. Əgər İsrail Fələstin dövlətinin qurulmasını istəyirdisə, bunu təşkilatımız qurulmamışdən əvvəl edəydi" - deyə əl-Masri çərşənbə günü Qəzzədən telefonla bildirib. "Həmas" rəsmisinin fikrincə, Fələstin dövlətinin bu günə kimi yaranmamasının əsas səbəbi İsrailin fələstinlilərə qarşı olan düşmənçiliyi və İsraildə hakim olan sionist ideyalarının hökm sürməsidir.
"İsrail regionda sülhün bərqərar olması naminə "Həmas"ın verdiyi təkliflərin heç birini qəbul etməyib. İsrail sülhün olmasını arzulasaydı, təşkilatımızın atəşkəslə bağlı təklifini qəbul edərdi"- deyə o bildirib.
Əl-Masrinin sözlərinə görə, İsrail işğal rəmzi və fələstinlilərə qarşı kütləvi qətllərin təşkilatçısıdır.
"Həmas" İsrailin işğal etdiyi Fələstin ərazilərinin azad olunması məqsədilə 1987-ci ildə Qəzzədə Şeyx Əhməd Yasin tərəfindən yaradılıb. Təşkilat 2006-cı ildə keçirilmiş parlament seçkilərində səs çoxluğu ilə qalib gəlib. Hal-hazırda Qəzzə şəhəri təşkilatın nəzarəti altındadır.
İordan çayının qərb sahili isə 1956 -cı ildə Yasir Ərəfatın yaratdığı hakim "FƏTH" təşkilatının nəzarəti altındadır.
Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.