Azərbaycan, Bakı, 14 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti müxalifəti təmsil edən Müsavat Deputat Qrupunun Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı hazırladığı layihəni geri qaytarıb. "Müsavat Deputat Qrupunun hazırladığı layihədə seçki komissiyalarının iqtidar və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsasda formalaşdırılmasını nəzərdə tutur. Bu isə, qəbul oluna bilməz" - çərşənbə günü Azərbaycan Parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının çərşənbə günü keçirilən iclasında Müsavat Deputat Qrupunun Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı hazırladığı layihə müzakirə olunub. Layihə 2007-ci ilin mart ayında parlamentə təqdim olunub.
Layihədə seçki komissiyalarının müxalifət və iqtidar partiyalarının iştirakı ilə paritet əsasda formalaşdırılması nəzərbə tutulub. Mərkəzi Seçki Komissiyasının tərkibi isə, 18 nəfərdən ibarət olmalıdır. Onlardan doqquzu müxalifəti, digər doquzu isə, iqtidarı təmsil etməlidir. Məntəqə və dairə seçki komissiyalarının rəhbərliyi də paritet əsasda formalaşdırılmalıdır. Digər dəyişikliklər texniki xarakter daşıyır.
Müsavat Deputat Qrupunun üzvü Pənah Hüseyn isə, deyib ki, layihəyə bir il iki ay müddətində baxılmaması qanun pozuntusudur. Çünki Parlamentə təqdim olunan layihəyə altı ay müddətində baxılmalıdır və cavab verilməlidir.
O qeyd edib ki, Azərbaycanda hakimiyyətdə olan və müxalifəti təmsil edən siyasi qüvvələr bir-birlərinə inanmırlar: "Bunu seçki komissiyalarına da aid etmək olar. Vəziyyətdən çıxış yolu seçki komissiyalarını paritet əsasda formalaşdırmaqdır"- deputat əlavə edib.
Hüseynin sözlərinə görə,Azərbaycanın əsas müxalifət partiyaları hazırkı seçki komissiyalarında təmsil olunmurlar.
"Seçki komissiyalarının paritet əsasda formalaşdırılması təklifi seçkilərin pozulmasına xidmət edir", - deyə iqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib.
Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar layihənin əleyhinə çıxış ediblər.
Komissiyanın bütün üzvləri müxalifəti təmsil edən deputatların təqdim etdikləri əlavə və dəyişikliklərin əleyhinə səs veriblər və layihə parlamentdə müzakirəyə çıxarılmayacaq.
Azərbaycan Seçki Məcəlləsinə edilən dəişikliklərlə bağlı layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının çərşənbə günü keçirilən iclasında qəbul olunaraq, Parlamentin müzakirəsinə çıxarılması tövsiyə olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]