...

Azərbaycanda xarici vətəndaşlara kütləvi aksiyalar keçirmək hüququ veriləcək

Siyasət Materials 15 May 2008 14:18 (UTC +04:00)
Azərbaycanda xarici vətəndaşlara kütləvi aksiyalar keçirmək hüququ veriləcək

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa edilən əlavə və dəyişikliklərə əsasən, ölkədə yaşayan xarici vətəndaşlara Azərbaycanda kütləvi aksiyalar keçirmək hüququ verilib. "Avropanın bir sıra ölkələrində hələ də xarici vətəndaşlara kütləvi aksiyalar keçirmək hüquqi verilməyb. Azərbaycan isə xarici vətəndaşlara belə bir hüquqi verməklə Avropanın bir sıra ölkələrini qabaqlayır", cümə axşamı Parlamentin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının birgə iclasında Azərbaycanın Avropa Şurası Venesiya Komissiyasındakı nümayəndəsi Lətif Hüseynov məlumat verib.

Komissiyaların birgə iclasında Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihə müzakirə olunub.

Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun 1998-ci ildə qəbul edilib. 2005-ci ildən etibarən qanuna əlavə və dəyişiklik edilməsi ilə bağlı layihənin hazırlanmasına başlanılıb. Avropa Şurası Venesiya Komissiyası 2007-ci ilin dekabrında təklif olunan əlavə və dəyişikliklərə müsbət rəy verib.

Hüseynov qeyd edib ki, Azərbaycanın xarici vətəndaşlara kütləvi aksiyaları təşkil etmək hüquqi verməsi beynəlxalq hüquq normalarına uyğundur: "Avropa Şurası Venesiya Komissiyası da bununla bağlı tövsiyə vermişdi. Azərbaycan bu tövsiyəni qəbul edib".

İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Azərbaycandakı xarici vətəndaşlara kütləvi aksiyalar təşkil etmək hüququnun verilməsi ilə bağlı etirazını bildirib. Ağamalı bu hüququn xarici ölkələrin Azərbaycanın daxili işlərinə müdaxilə etməsinə şərait yaradacağını bildirib.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə bildirib ki, cəmiyyət inkişaf edir və qanunlarda dəyişikliklər etmək zərurəti yaranır: "Azərbaycanın öz vətəndaşları ilə xarici vətəndaşlara eyni hüquq verməsi normal haldır. Bundan qorxmaq lazım deyil", Mirzəyev əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti