Azərbaycan, Bakı, 16 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində müxalifəti təmsil edən deputatlar hesab edirlər ki, Bakı Şəhər İcra Hakimiyyəti vətandaşların sərbəst toplaşmaq azadlığı hüququnu pozur. "Parlament bu problemin həlli üçün addımlar atmalıdır", - deyə Parlamentin cümə günü keçirilən iclasında müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli bildirib.
O qeyd edib ki, şəhər İcra Hakimiyyəti müxalifət partiyalarının mitinq və piketlər keçirilməsi ilə bağlı müraciətlərinə rədd cavab verir. "Bu isə Konstitusiya və qanunların pozulması deməkdir, ona görə də Parlamentin gündəliyinə dövlət məmurlarının Konstitusiya və qanunları pozması ilə bağlı məsələ daxil edilməlidir. Parlament məsələni müzakirə etməlidir", - deyə Səmədbəyli əlavə edib.
Müxalifətyönlü Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu bildirib ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qarşısında piket keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər: "İcra Hakimiyyətinin cavabında bildirilib ki, piket keçirməyə ehtiyac yoxdur, partiyanın gərargah problemini həll etmək üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət edək. 50 nəfərlik piket hansı təhlükəni törədir ki, Bakı Şəhər İcra Hakimiyyəti buna icazə vermir? ".
Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov isə hesab edir ki, müxalifəti təmsil deputatların Azərbaycanda sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması haqqında fikirləri əsassızdır: "Bakı Şəhər İcra Hakimiyyəti mitinqlərin keçirilməsi üçün Bibiheybətdə yer ayırıb".