...

Hakim partiya müxalifəti siyasi proseslərdən uzaqlaşdırır - İranın sabiq vitse-prezidenti

Siyasət Materials 20 May 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir D.Xatınoğlu/ İranın sabiq vitse-prezidenti, "Müşarikət" partiyasının funksioneri Məhəmmədəli Əbtəhinin Trend -un Fars Redaksiyasına müsahibəsi.

- İranda parlament seçkilərində islahatçıların qalib gəlməməsini necə dəyərləndirirsiniz?

- Parlament seçkilərində yerlərin əksəriyyətini hakim partiya qazandı. Ona görə ki, hakimiyyət islahatçı partiyaların namizədlərini seçkidə qeydiyyata almadı. Biz qeyri-bərabər və ədalətsiz bir şəraitdə rəqabət apardıq. Ona görə də seçkilərdə qalib gəlməməyimiz heç də islahatçıların xalq arasında nüfuzunun aşağı olmasından xəbər vermir. Hakim partiya müxtəlif yollarla müxalifəti siyasi proseslərdən uzaqlaşdırır.

- Parlamentin indiki tərkibini necə görürsünüz və sizcə, Milli Məclisin hakimiyyətlə münasibətləri necə olacaq?

- Parlamentin əvvəlki tərkibindən fərqli olaraq, indiki - yəni 8-ci çağırış parlamentdə çoxlu sayda partiyalar təmsil olunur. Bundan əlavə, bir çox aktiv islahatçı və müstəqil namizədlər də parlamentə seçilə biliblər. Məncə, indiki parlament öz öhdəliklərini daha yaxşı yerinə yetirəcək.

- Yaxın gələcəkdə İranda spiker seçkisi keçiriləcək. İslahatçılar kimin namizədliyini dəstəkləyəcək?

- Təbii ki, islahatçıların, parlamentdə çoxluq təşkil edə bilmədikləri üçün spiker seçkisində də öz namizədləri olmayacaq. Buna görə də bizim üçün kimin spiker seçiləcəyi əhəmiyyət kəsb etmir.

- İslahatçıların gələn il İranda keçiriləcək prezident seçkisi ilə bağlı planları nədən ibarətdir? Sabiq prezident Məhəmməd Xatəmi bu seçkidə islahatçıların namizədi ola bilərmi?

- Prezident seçkiləri ilə bağlı planlarımız haqqında danışmaq hələ tezdir. Lakin islahatçı sayılan "Müşarikət" partiyası bununla ədaqədar tez-tez iclaslar keçirir və planlarını hazırlayır. Biz çalışırıq ki, partiyanı təmsil edəcək ən ideal şəxsin namizədliyini irəli sürək. Qəti şəkildə deyə bilərəm ki, gələnilki prezident seçkisində fəal iştirak edəcəyik və namizədimizin qalib gəlməsinə çalışacağıq. Lakin kimin namizədliyini irəli sürmək və namizədi hansı prinsiplərə görə seçmək barədə qərara gəlməmişik.

- Keçən həftə Parlamentin 77 nümayəndəsi Xatəminin "İslam inqilabını dünyaya yaymaq"la bağlı bəyanatına sərt reaksiya verib. "İslam inqilabını dünyaya yaymaq, silah götürüb başqa ölkələrdə təxribat törətmək demək deyil" - deyə Xatəmi Gilan şəhərində bildirmişdi. Sizin bu açıqlamaya münasibətiniz necədir?

- Ümumiyyətlə, Xatəminin bəyanatına qarşı reaksiyalar ölkədaxili siyasi oyun idi. İranın sabiq dini lideri İmam Xomeyni əvvəldən də inqilabın xarici ölkələrə silah gücü ilə yayılmasının əlnyhinə idi. İmam hətta inqilabçı seyid Mehdi Haşimi və onunla bir neçə silahdaşlarını xaricdə silahlı mübarizə aparmaq niyyətlərinə görə edam etdirdi. Xatəminin bəyanatı isə yeni fikir deyil, bu sözlər əslində Xomeyninin və digər inqilab ideoloqlarının fikirləri ilə üst-üstə düşür. Lakin İran daxilindəki bəzi qüvvələr bu məsələdən sui-istifadə etməklə təxribat törətmək istədilər.

- Sizcə, islahatçılara qarşı təxribatı hansı qüvvələr törədə bilər?

- Hakim partiyanın çox güclü media orqanları, geniş imkanları var və həmin orqanlar vasitəsilə öz xeyrinə, müxalifətin isə əleyhinə təbliğat aparır. Dediyim kimi, "İslam inqilabının yayılması" məsələsi İran daxilində partiyaların savaşına çevrilib. Hakim partiya bu məsələdən istifadə edərək islahatçıların xalq arasında nüfuzuna kölgə salmağa çalışır.

Xəbər lenti

Xəbər lenti