Ukrayna, Kiyev, 22 may/ Trend , müxbir Z.Novosvitski/ Kiyevdə Ukrayna prezidenti Viktor Yuşşenko və Azərbaycan prezidenti İlham Əliyevin rəsmi görüş mərasimi keçirilib. Ukrayna dövlətinin başçısı öz həmkarını Prezident Katibliyi qarşısındakı meydanda qarşılayıb. Bu barədə Trend -a cümə axşamı, Ukrayna prezidentinin mətbuat xidmətindən məlumat veriblər.
Hərbi orkestr hər iki ölkənin Himnini ifa edib, bundan sonra prezidentlər Fəxri qarovul əsgərlərinin sıraları önündən keçiblər. Mərasim Ukrayna və Azərbaycan rəsmi nümayəndə heyətlərinin qarşılıqlı təqdimatı ilə başa çatıb.
Bundan sonra Qorodeski Evində dövlət başçılarının "üz-üzə" görüşləri başlayıb. Görüş başa çatdıqdan sonra Viktor Yuşşenko və İlham Əliyevin sədrliyi ilə geniş tərkibdə Ukrayna-Azərbaycan danışıqları keçiriləcək. Danışıqların yekunlarına dair ikitərəfli sənədlər imzalanacaq. Dövlət başçıları Ukrayna və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyənnamə imzalayacaqlar.
İmzalanma mərasimindən sonra prezidentlər mətbuat üçün bəyanatlarla çıxış edəcək və jurnalistlərin suallarını cavablandıracaqlar.
Azərbaycan prezidenti mayın 21-dən Ukraynada rəsmi səfərdədir, səfər mayın 23-də başa çatacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]