...

İranda türklərin təhqir olunması siyasəti davam etdirilir- hüquq müdafiəçisi

Siyasət Materials 22 May 2008 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir D.Xatınoğlu/ İranda əhalinin təxminən yarısını türk əsilli vətəndaşlar (azərbaycanlılar) təşkil etsə də, hakimiyyət onların ən bəsit mədəni-siyasi hüquqlarını tanımır. "İranda türklərin təhqir olunması, siyasi təzyiqlərə, ayrı -seçkiliyə məruz qalması halları davam edir" - deyə iranlı hüquq müdafiəçisi Əlirza Cavanbəxt Trend -a bildirib.

2006-ci il mayın 22-də rəsmi "İran" qəzetində dərc olunmuş karikaturada, ölkə türklərinin tarakana bənzədilməsinə etiraz olaraq, İranın bir çox şəhərlərində aksiyalar keçirildi. Hüquq- müdafiə təşkilatlarının verdiyi məlumata əsasən, hər il bu hadisənin ildönümü münasibətilə İranda yaşayan azərbaycanlılar dinc aksiyalar keçirməyə hazırlaşsalar da, hakimiyyət buna icazə vermir.

"Hakmiyyət türklərin mədəni haqlarını bərpa edəcəyi barədə dəfələrlə verdiyi vədlərə əməl etmədiyi üçün, bu il də İrandakı milli hərəkat fəalları "fars şovinist düşüncəsinə" etiraz olaraq aksiyaya hazırlaşıblar " - deyə, Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsinin (ASMEK) baş katibi Cavanbəxt bildirib.

Onun dediyinə görə, Güney Azərbaycanın (İranın şimal hissəsi) bir çox şəhərlərində qeyri-rəsmi şəkildə komendant saatı tətbiq edilib. "Milli hərəkat fəallarına təhlükəsizlik orqanları tərəfindən zənglər edilir, onlardan mayın 22 - də evdən çıxmamaları tələb olunur. Həmçinin, polis orqanları Güney Azərbaycanın şəhərlərində hazırlıq vəziyyətinə gətirilib və artıq əhali arasında qorxu yaratmağa başlayıblar" - deyə hüquq müdafiəçisi cümə axşamı Ankaradan elektron poçt vasitəsilə bildirib.

Son günlərdə hətta, Cavanbəxtin sözlərinə görə, mədəni və siyasi fəaliyyət göstərən bəzi hərəkat fəalları həbs olunublar. "Əli Sədiqi, Cəmşid Zarei, Hüccət İraqi, Salman İraqi, Salar İraqi, Əkbər Abdullahi və Həmid Rüstəminin həbsi barədə dəqiq məlumatımız var. Təhlükəsizlik orqanları bir çox fəalları telefon vasitəsilə hədələyib və aksiyalara çıxmamağı tələb edib"- deyə, ASMEK-in baş katibi bildirib.

Qeyri-rəsmi məlumata əsasən, hazırda İran əhalisinin 35 milyonu türk əsilli azərbaycanlılardır. İran azərbaycanlılarının ana dilində təhsil almaq, müstəqil mətbuat və digər media orqanlarını yaratmaq haqları yoxdur. Hazırda milli hərəkatın onlarla azərbaycanlı fəalı həbsxanada saxlanılır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti