Azərbaycan, Bakı, 26 may/ Trend , müxbir İ.Əlizadə/ Çexiyanın nüfuzlu dövlət universitetlərindən birində Azərbaycan bölməsi açılacaq. "Çexiya Azərbaycanla təhsil sahəsində əməkdaşlıqda maraqlıdır", - deyə bazar ertəsi Azərbaycanda səfərdə olan Çexiya parlamentinin Nümayəndələr Palatasının nümayəndə heyətinin rəhbəri Petr Pleva bildirib.
Çexiyalı deputatlar bazar ertəsi Azərbaycan parlamentinin Elm və təhsil məsələləri daimi komissiyası və mədəniyyət məsələləri daimi komissiyasının üzvləri ilə görüşüblər.
"Azərbaycanla Çexiya arasında yaxşı əməkdaşlıq var. Hesab edirik ki, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi üçün də yaxşı imkanlar mövcuddur", - deyə Pleva əlavə edib.
Çexiyalı deputatlar təhsil naziri Misir Mərdanov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, mədəniyyət və turzim naziri Əbülfəz Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, İqtisad Universitetinin müəllim və tələbələri ilə görüşəcəklər.
Plevanın rəhbərlik etdiyi nümayəndə heyətinə Olqa Zubova, Yan Morava, Milan Bishik və Martsela Havrdova daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]