Azərbaycan, Bakı, 27 may/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkisi ilə bağlı seçki konsepsiyasının hazırlığını başa çatdırıb. "Seçki kampaniyasının həyata keçirilməsi üçün lazım olan resurslar dəyərləndirilib, qruplar formalaşdırılıb", çərşənbə axşamı jurnalistlərə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir.
Üç partiyanın (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkini boykot etmək istəyir. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb.
Əhmədov deyib ki, partiyanın namizədinin seçki kampaniyasının aparılması üçün yaradılan qruplara təlimatlar keçirilir. Onun sözlərinə görə, YAP namizədi İlham Əliyevin prezident seçkisində qələbə qazanacağına əmindir.
YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]