...

Azərbaycan parlamenti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişiklikləri təsdiqləyib

Siyasət Materials 30 May 2008 14:49 (UTC +04:00)
Azərbaycan parlamenti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişiklikləri təsdiqləyib

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişiklikləri təsdiqləyib. Trend -un məlumatına görə, parlamentin cümə günü keçirilən iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.

Hazırda qüvvədə olan "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun 1998-ci ildə qəbul olunub. 2005-ci ildə qanuna əlavə və dəyişikliklər edilməsi üçün layihənin hazırlanmasına başlanılıb. Azərbaycan hökumətinin hazırladığı layihəyə Avropa Şurasının Venesiya Komissiyası müsbət rəy verib.

Parlamentin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova qeyd edib ki, qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda yaşayan vətəndaşlığı olmayan şəxslərə və xarici vətəndaşlara kütləvi aksiyalar keçirmək hüququ verilib. Bundan başqa, toy, yas mərasimlərini kütləvi aksiyaya çevirmək qadağan edilib. Dövlət orqanları qarşısında aksiya keçirmək üçün 300 metrlik məsafə 200 metrə qədər azaldılıb. Kütləvi aksiyaların təşkitatçıları 5 gün əvvəl şəhər və rayon İcra Hakimiyyəti orqanlarına müraciət etməlidirlər. İcra Hakimiyyətı orqanları isə aksiyanın təyin olunduğu günə 3 gün qalmış təşkilatçılara cavab verməlidir. Məhkəmələr isə 2 gün müddətində kütləvi aksiyanın keçirilməsi ilə bağlı şikayətlərə baxmalıdır.

Aslanova qeyd edib ki, kütləvi aksiyaların təşkilatçıları tədbirdə iştirak etməlidirlər: "Təşkilatlarçılardan heç biri aksiyada iştirak etməzsə, həmin aksiya keçirilə bilməz".

Qanuna edilən digər dəyişikliyə əsasən, təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq, dövlət əhəmiyyətli beynəlxalq tədbirlər keçiriləcək ərəfədə və onların keçirildiyi günlərdə İcra Hakimiyyətı orqanlarının qərarı ilə kütləvi aksiyalar qadağan edilə bilər.

Bundan başqa, eyni meydanda və eyni vaxtda bir-birinə əks olan 2 aksiyanın keçirilməsinə icazə verilmir.

Dəyişikliyə əsasən, ziyarətgahlar, ibabətgahlar və qəbiristanlıqlarda kütləvi aksiyaların keçirilməsinə qoyulan qadağa aradan götürülüb və qeyd olunan yerlərdə aksiyalar yalnız İcra Hakimiyyətı orqanları tərəfindən məhdudlaşdırıla bilər.

Başqa bir dəyişikliyə əsasən, dinc aksiyalarda müharibə təbliğatı aparıla bilməz.

Bundan başqa, kütləvi aksiyalar yalnız rayon və şəhər İcra Hakimiyyəti orqanlarının müəyyənləşdirdiyi yerlərdə keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti