...

Azərbaycanın hakim partiyası müxalifətin Seçki Məcəlləsi ilə bağlı narazılıqlarına cavab verib

Siyasət Materials 4 İyun 2008 17:07 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 04 iyun/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinə son əlavə və dəyişiklikləri irəliyə addım hesab edir. "Biz bu dəyişiklikləri seçkilərin demokratik keçirilməsi üçün irəliyə atılmış addım kimi qiymətlənidirik. Müxalifət isə gələcək məğlubiyyətini ört-basdır etmək üçün Seçki Məcəlləsini hədəf seçib. Seçki Məcəlləsi seçkilərin demokratik keçirilməsinə tam imkan verir"- çərşənbə günü Trend -a YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

Trend -un arayışı: Parlament bazar ertəsi Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Yeni layihəyə görə, prezidentliyə namizədlərin depozit qoyma şərti götürülür. Namizədlər yalnız imza toplayacaqlar. Namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imzanın 40 minə endirilməsi nəzərdə tutulur. Seçki təbliğatı 120 gündən 75 günə endirilir. Məcəllədə dövlət televiziyasında namizədlərə pulsuz efir vaxtı ayrılması, təbliğat plakatlarının binalara yapışdırılması qadağan edilib. Dəyişikliklərdən narazı qalan və bu dəyişikliklərin qeyri-demokratik olduğunu bildirən müxalifət partiyaları boykot taktikasını nəzərdən keçirməyə başlayıblar.

Qurbanlı hesab edir ki, müxalifətin iddialarının əsası yoxdur. "Bəzi müxalifət partiyalarının seçkilərə qatılmaması barədə rəylərinə gəldikdə isə, onları da başa düşmək lazımdır. Çünki qatılacaqları təqdirdə, çox cüzi səs yığmaq ehtimalını görürlər və bəri başdan seçkiyə qatılmamaqla, seçkinin guya demokratik keçməyəcəyi iddiası ilə çıxış edirlər və bununla da özlərini gələcək siyasi rüıvayçılıqdan xilas etmək istəyirlər. Yəni müxalifət siyasi rüsvayçılıqdan xilas olmağın yolunu seçkiyə qatılmamaqda görür. Seçkilərə qatılmamaq hər bir siyasi təşkilat və siyasətçi üçün zəiflik, siyasi qorxaqlıq əlamətidir. Kimsə seçkiyə qatılmadığını boykot adlandırırsa, bu, gülüncdür. Çünki Azərbaycanda seçkilərdə yetərsay anlayışı yoxdur. Digər tərəfdən, seçkiyə qatılmamaq fikrində olanların özləri cəmiyyət tərəfindən çoxdan boykot olunublar" - deyən Qurbanlı müxalifətin əsas narazı qaldığı məqamları da şərh edib. "Seçkinin taleyi seçki kampaniyası üçün ayrılmış müddətdə həll olunmur. Siyasətçi Azərbaycanın siyasi həyatında tanınmalıdır. Bunun üçün həmin siyasətçinin Azərbaycanın büitün sahələrini özündə əks etdirən proqramı olmalıdır. Əslində, təbliğat seçkiyə qatılmamışdan öncə gedir. İndiyə qədər müxalifət partiyalarının rəhbərlərinin qəzetlərdə, radiolarda yayılan açıqlamaları, məlumatları seçkiyə yönəlik təbliğat deyilmi? Azərbaycanda seçki kampaniyasına 75 gün ayrılması kifayət qədər böyük rəqəmdir. Tanınan siyasətçi üçün bu müddət problem olmamalıdır" - deyə o bildirib.

Dövlət televiziyasında (AzTV) pulsuz təbdiğatın ləğv olunmasına gəldikdə isə, Qurbanlı bildirib ki, bir çox ölkələrdə dövlətin himayəsində olan, dövlət vəsaiti ilə maliyyələşən KİV-də siyasi təlbiğat qadağandır və ya məhduddur. Digər tərəfdən, namizədlər üçün İctimai Televiziyada (İTV) pulsuz efir vaxtı ayrılır. "Həmin siyasətçi üçün nə fərqi var ki, çıxışını hansı telekanalda edir. Bu, bəhanədir. Əvvəllər müxalifət deyirdi ki, dövlət televiziyasına heç kim baxmır. Nə oldu, indi dövlət televiziyasından yapışıblar. AzTV də, İTV də peyk vasitəsilə eyni auditoriyaya yayımlanır. Bundan başqa, özəl telekanallar var" -deyən Qurbanlı plakatların yapışdırılması məsələsinin də düzgün şərh olunmadığı fikrindədir. "Düzdür, bunun üçün xüsusi yerlər olacaq. Amma bu o demək deyil ki, başqa yerlərdə şəkil vurmaq olmaz. Bütün yerlərdə razılaşma, müqavilə əsasında "Reklam haqqında" Qanuna uyğun olaraq, reklam bannerlərində şəkillər yapışdırıla bilər. Burada da problem yoxdur. İstənilən şəxs şəklini seçicilərə verə, evlərə göndərə bilər. Vacib deyil ki, divara vursunlar",- deyə o əlavə edib.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti