...

Azərbaycan hakimiyyəti hesab edir ki, siyasi partiyalar öz imkanları hesabına qərargah tapacaqlar

Siyasət Materials 14 İyun 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanda bəzi siyasi partiyaların qərargah problemində siyasi çalarlar axtarılmamalıdır. "Konkret olaraq Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargah problemi təmirlə bağlı yaranıb. Buna sevinmək lazımdır ki, kommunal şəraiti pis olan binalarımız təmir olunur", şənbə günü jurnalistlərə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Trend -un arayışı: Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) BAXCP və partiyanın orqanı olan "Xəlq cəbhəsi" qəzeti ilə icarə müqaviləsinin müddətini uzatmaqdan imtina edib. DƏİEDK-dən BAXCP rəhbərliyinə bildirilib ki, qərargahın yerləşdiyi bina Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdindədir. Komitə DƏİEDK-ə məktubla müraciət edərək, binada təmir işləri aparılacağını, buna görə də partiya və qəzetlə icarə müqaviləsinin müddətinin uzadılmamasını xahiş edib. Dövlət Komitəsi də bunu əsas gətirərək, partiya və qəzetlə yeni müqavilə bağlamayıb və binanın tərk edilməsinin vacibliyini bildirib.

Həsənov vurğulayıb ki, təmir başa çatdıqdan sonra BAXCP-yə həmin yerdə fəaliyyət göstərmək şəraiti yaradıla bilər. Bu ilin payızında keçiriləcək prezident seçkisi ərəfəsində partiyalara belə problem yaradılmasının nə dərəcədə məqbul olmasına gəldikdə isə Həsənov bildirib ki, ölkədə siyasi fəaliyyət göstərmək üçün hər cür şərait var. "Seçki ərəfəsində fəaliyyət göstərmək üçün respublikanın imkanları çox genişdir. Partiyalar özləri həmin imkanlardan istifadə edib yer tapacaqlar", - deyə Həsənov qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti