...

Azərbaycan prezidentliyinə bütün namizədlərə bərabər şərait yaradılmalıdır – ombudsman

Siyasət Materials 18 İyun 2008 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova hesab edir ki, prezident seçkisində iştirak edən bütün namizədlərə bərabər şərait yaradılmalıdır. "Kənardan müdaxilə olmadan əhaliyə seçkidə seçimlərini etməyə şərait yaradılmalıdır ki, həqiqətən də ədalətli və demokratik seçkilər keçirilsin", - deyə Süleymanova çərşənbə günü Bakıda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ombudsman Aparatı seçkilərlə bağlı bir neçə məsələnin həyata keçirilməsini vacib hesab edir. "Bunların arasında əhalinin seçkidə aktiv iştirak etməsi və bütün namizədlərə bərabər imkanların yaradılması yer tutur", - deyə ombudsman bildirib.

Süleymanova qeyd edib ki, son zamanlar Azərbaycanda seçkiöncəsi vəziyyət tənqidlərə məruz qalır, amma bu sahədə təkmilləşmənin olmadığını demək olmaz.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti