...

Azərbaycanın müxalifət deputatları arasında fikir ayrılığı yaranıb

Siyasət Materials 23 İyun 2008 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan parlamentində təmsil olunan müxalif "Müsavat" Deputat Qrupunda prezident seçkisində iştirak məsələsi ilə bağlı fikir ayrılığı yaranıb. "Mən hesab edirəm ki, ən çətin şəraitdə belə seçkidə iştirak etmək lazımdır", - deyə bazar ertəsi Trend -a "Müsavat" Deputat Qrupunun üzvü, millət vəkili Nəsib Nəsibli bildirib.

Trend -un arayışı: İyunun 2-də Milli Məclisin qərarı ilə Seçki Məcəlləsində bir sıra dəyişikliklər edilib. Seçki kampaniyasının müddəti 120 gündən 75 günə endirilib. 75 günün 28-i təşviqat işlərinə, qalan günlər isə namizədin müəyyən edilməsi, onun qeydə alınması üçün imzaların toplanması, imzaların Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanması və digər prosedur tədbirlərinə sərf olunacaq. Bundan başqa, namizədin dəstəklənməsi üçün lazım olan imzaların sayı əvvəllər olduğu kimi 45 min yox, 40 min müəyyən edilib, dövlət KİV-də seçki təbliğatı qadağan olunub. Bundan sonra müxalif Müsavat Partiyası seçkidə iştirak qərarını partiyanın yerli struktulrlarında yenidən müzakirə etməyə başlayıb.

"Müsavat" Deputat Qrupu parlamentdə 5 millət vəkili ilə təmsil olunur.

Nəsibli bildirib ki, o, Müsavat daxilində seçki ilə bağlı başlanan müzakirələrdə iştirak etmir. "Ancaq mövqeyim ondan ibarətdir ki, boykot addımından ancaq nəticəyə inam olduğu şəraitdə siyasi taktika kimi istifadə oluna bilər. İndiki halda bu şərait yoxdur", - deyən Nəsibli hesab edir ki, hazırda seçkidə iştirakın alternativi olan boykot daha pis nəticələrə gətirib çıxara bilər.

"Müsavat" Deputat Qrupunun digər üzvü, millət vəkili Pənah Hüseyn isə bazar ertəsi Trend -a bildirib ki, real vəziyyətdə seçkiyə getmək doğru deyil. "Mətbuatın durumu, siyasi təşkilatların indiki vəziyyəti və digər siyasi şərtləri təhlil etdikdə və nəzərə aldıqda seçkidə iştirakın əleyhinəyəm. Mən özüm son vaxtlara qədər müxalifətin seçkidə iştirakının tərəfdarı olmuşam. İndi isə hesab edirəm ki, seçkiyə getmək lazım deyil", - deyən millət vəkili düşünür ki, seçki ədalətli olmayacaq.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti