...

Vətəndaşlara azad seçim hüququ verilməlidir – ABŞ-ın Azərbaycandakı səfiri (video)

Siyasət Materials 24 İyun 2008 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir S.Ağayeva/ Hər bir demokratik ölkədə azad və ədalətli seçkilər təkcə səslərin hesablanması deyil, həm də vətəndaşlara azad seçim hüququnun verilməsi deməkdir. Bu barədə çərşənbə axşamı Bakıda keçirilən beynəlxalq konfransda ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

"Bu, seçicilərə müxtəlif, o cümlədən tənqidi baxışlarını ifadə etmək hüququnun verilməsi deməkdir. Bunun üçün isə vətəndaşların azad toplaşmaq hüququ olmalıdır", - deyə səfir bildirib.

Dersi həmçinin ölkədə azad və demokratik seçkilərin keçirilməsində medianın yüksək rolunu qeyd edib. "Azad media hakimiyyət, siyasi partiyalar və liderlərin əlində alət olmamalıdır", - deyə səfir bilirib.

Onun sözlərinə görə, ABŞ Azərbaycana müstəqil və demokratik ölkə kimi regionda liderlik yolunda dəstək göstərməyə hazırdır. Səfir bildirib ki, Azərbaycan bu məqsədə çata bilər, yalnız səy göstərmək lazımdır və qarşıda duran prezident sekiləri bu məqsədlərin həyata keçirilməsi üçün yaxşı imkanlar açacaq.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb.

Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Hakimiyyətyönlü Ana Vətən və Sosial Rifah partiyaları prezident seçkisində hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləmək haqda qərar qəbul ediblər.

Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Xəbər lenti

Xəbər lenti