Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalifət liderlərinin bu gün Bakıda səfərdə olan ABŞ-ın dövlət katibinin demokratiya və insan haqları üzrə müavini Devid Kremer ilə görüşündə seçki öncəsi vəziyyət müzakirə olunub. "Görüşdə regionda demokratik proseslərin inkişafı, Dağlıq Qarabağ problemi əsas müzakirə predmeti olub", cümə günü Trend -a müxalif Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirib.
Trend -un arayışı: Bu günAzərbaycanla Amerika arasında demokratiya dialoqu başlayır. Bu sayca 3-cü dialoqdur. Amerika nümayəndə heyətinə dövlət katibinin demokratiya və insan haqları üzrə müavini Devid Kremer başçılıq edir.
Azərbaycan rəsmiləri, QHT nümayəndələri ilə görüşdə əsasən prezident seçkisi, medianın vəziyyəti müzakirə olunacaq.
Amerika-Azərbaycan demokratiya dialoqları 2006-cı ilin dekabrında başlayıb. Bununla əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov 2007-ci ilin martında Vaşinqtonda olub. Ötən ilin avqustunda isə iki ölkə arasında virtual əlaqə - XİN-lə Dövlət Departamenti arasında telekörpü yaradılıb.
Ağazadənin sözlərinə görə, görüşdə ABŞ tərəfinin mövqeyi ondan ibarət olub ki, Amerika Azərbaycanla münasibətdə siyasətini demokratiya üzərində qurur və demokratiyanın inkişafını prioritet məsələ hesab edir. Müxalifət nümayəndələri müzakirə zamanı bildiriblər ki, ABŞ-ın seçki öncəsi Azərbaycanda demokratiyanın vəziyyətinə önəm verməsi vacibdir. Onun bildirdiyinə görə, görüşdə müxalifət partiyalarının seçkidə iştirak məsələsinə toxunulmayıb.
Kremerle görüşdə müxalifətdən Müsavat Partiyasının sədri İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Liberal Partiyasının lideri Lalə Şövkət, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının rəhbəri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]