Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycanın muxalif "Azadlıq" bloku prezident seçkiləri ilə bağlı mövqeyini tam dəqiqləşdirib. "Biz artıq boykota tam qərarlıyıq və bu barədə qərar Məclisdə elan olunacaq", Trend -un məlumatına görə, cümə günü blokun həmtəsisçisi, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva jurnalistlərə bildirib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları isə seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.
Hacıyevanın sözlərinə görə, blokun AŞPA-nın iyun sessiyası ilə bağlı müəyyən gözləntiləri olub. Amma AŞPA-da Azərbaycanla bağlı aparılan müzakirələr onları qane etməyib. Onun sözlərinə görə, qətnamədə bildirilib ki, nə qədər Dağlıq Qarabağ problemi var, Azərbaycanda tam demokratiyanı qorumaq mümkün olmayacaq. "Bu, demokratiya üçün böyük bir səhvdir. Onda gərək Moldova, Gürcüstan demokratik ölkə olmasın. Bu ölkələrdə də konfliktlər var. Biz AŞPA-nın gətirdiyi arqumenti bəzi görüşlərdə hakimiyyət təmsilçiləri tərəfindən eşitmişik", - Hacıyeva əlavə edib.
Trend -un arayışı: AŞPA-nın yay sessiyasında Azərbaycanla bağlı "Azərbaycanda seçki öncəsi demokratik təsisatların vəziyyəti" adlı qətnamə qəbul olunub.
Həmməruzəçilərin hazırladıqları hesabatda Seçki Məcəlləsinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılması, həbsdəki jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması kimi məsələlər var.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə hesab edir ki, prezident seçkisində iştirak etmək üçün gətirilən arqumentlər üstünlük təşkil edir. "Mən boykot qərarını əsaslandırmaq üçün 99 səbəb, seçkidə iştirakı əsaslandırmaq üçün isə 101 səbəb saya bilərəm", - Trend -un məlumatına görə, cümə günü jurnalistlərə Müsavat başqanı İsa Qəmbər deyib.
Onun sözlərinə görə, həlledici məsələ seçkiləri boykot etmək və ya etməmək deyil. Əsas məsələ mövcüd vəziyyəti dəyişməkdir. "Prioritet mövzu real demokratik dəyişikliklər etməkdir", - deyən Qəmbər Müsavat Partiyasının daxilində seçkidə iştirak edib-etməməsi ilə bağlı müzakirələrin nəticələrinə toxunmaq istəməyib.
Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]