Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyəti və demokratik inkişafı müsbət qiymətləndirir. "AŞPA prezidenti Azərbaycanda demokratiya, insan haqları və mətbuat azadlığının təmin olunması sahəsində ciddi addımlar atıldığını və xeyli irəliləyiş əldə edildiyini açıq şəkildə bildirdi" - çərşənbə axşamı Trend -a Azərbaycanda səfərdə olan AŞPA prezidenti Luis Maria de Puçla görüşdən sonra hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Əli Əhmədov bildirib.
Trend -un arayışı: AŞPA prezidenti Luis Maria de Puç bazar ertəsi Azərbaycana üç günlük rəsmi səfərə gəlib. Puç çərşənbə axşamı Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanın AŞPA- dakı nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri ilə görüşüb.
Puç səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşməyi planlaşdırır.
AŞPA prezidenti müxtəlif siyasi partiya və vətəndaş cəmiyyəti üzvləri, KİV və diplomatik korpusun nümayəndələri ilə də görüşlər keçirəcək.
AŞPA prezidentinin parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri ilə görüşündə hakim Yeni Azərbaycan, hakimiyyətyönlü Ana Vətən, Sosial Rifah, müxalifəti təmsil edən Müsavat, Ümid, Ədalət, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar partiyalarının nümayəndələri iştirak ediblər.
Puç AŞPA-nın yay sessiyasında qəbul olunan Azərbaycanla bağlı Qətnaməninin həyata keçirilməsi ilə bağlı müzakirələr aparır.
Əhmədovun sözlərinə görə, AŞPA prezidenti rəhbərlik etdiyi qurumun Azərbaycanda demokratiya, insan hüquqları və mətbuat azadlığı sahəsində atılan addımları yüksək qiymətləndirdiyini bildirib. AŞPA sədri, eyni zamanda hesab edib ki, Azərbaycanda bir sıra problemlər də var və bu problemlərin həlli üçün atılan addımların atılmasına və cəhdlərin artırılmasına ehtiyac var. O, bəzi jurnalistlərin həbsdə olması məsələsinə də toxunub.
Əhmədov deyib ki, AŞPA prezidentinin qiymətləndirməsi düzgündür. Onun fikrincə, AŞPA prezidentinin yanaşması Azərbaycandakı proseslərə obyektiv və ədalətli yanaşmadır.
Müxalifəti təmsil edən Ümid Partiyasının sədri İqbal Ağazadə isə, bildirib ki, Avropa Şurası Azərbaycanla əməkdaşlıqda maraqlıdır və qurum Cənubi Qafqazda Azərbaycana böyük əhəmiyyət verir.
"Avropa Şurası Azərbaycanı Avropadan uzaqlaşdırmaq yox, Avropaya daha da yaxınlaşdırmaq siyasəti həyata keçirir. Ona görə də, bəzi məqamlarda Azərbaycan hakimiyyətinə güzəştə gedirlər. Bu da Azərbaycanı Avropaya yaxınlaşdırmaq istəyindən irəli gəlir. Bu istəyin olması çox müsbət haldır", -deyə Ağazadə əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]