...

Azərbaycanda vəzifəli şəxslərin seçkiyə münasibəti dəyişib - MSK sədri

Siyasət Materials 9 İyul 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycan Mərkəzi Seçki Komissiyası bəyan edib ki, mövcud resurslar prezident seçkisinin tam demokratik keçməsinə imkan verir.

"Mən bunu birmənalı olaraq bəyan edirəm ki, seçkinin demokratik keçirilməsi üçün heç bir problem yoxdur. Hətta deyə bilərəm ki, seçki məntəqəsi səviyyəsində seçkilərin nəticələrinə təsir edə biləcək müdaxilə olmayacaq", Trend -un məlumatına görə, bunu çərşənbə günü Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Trend -un-un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrda keçirilməsi nəzərdə tutulur. MSK bu ayın sonunda seçki kampaniyasına rəsmən start verəcək və seçkinin dəqiq tarixini elan edəcək.

Pənahov bildirib ki, seçki prosesinə müdaxilə halları əvvəlki seçkilərlə müqayisəolunmaz dərəcədə azalıb. "Bu istiqamətdə vəziyyət yaxşıya doğru dəyişib. Vəzifəli şəxslərin, eləcə də seçicilərin seçkilərə münasibəti də çox dəyişib. Ola bilsin ki, yenə də haradasa müəyyən müdaxilələr olsun və bundan heç kim tam sığortalanmayıb. Milyonlarla insanın iştirakı ilə keçirilən prosesdə müəyyən pozuntular müşahidə olunur. Amma mən bəyan edirəm ki, nəticələrə təsir edə biləcək müdaxilə olmayacaq. Pozunutulara yol verənlər isə qanunla cəzalandırılacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, hər bir pozuntunun adekvat cəzası olmalıdır. "Sadəcə olaraq bəzi insanlarda belə təsəvvür formalaşıb ki, sadə bir pozuntuya görə 1500 adamın səs verdiyi məntəqənin nəticələri ləğv olunmalıdır. Belə olduqda digər seçicilərin hüquqları pozulur. Görəndə ki, pozuntular nəticəyə təsir edir, onda nəticə ləğv edilir", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti