...

Azərbaycanın müxalifət partiyası prezident seçkisini boykot etmək haqqında qərar qəbul edib

Siyasət Materials 2 Avqust 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Müsavat Partiyası oktyabrın 15-də keçiriləcək prezident seçkisinin boykot olunması haqqında qərar qəbul edib. Bu barədə qərar Müsavat Partiyası Məclisinin şənbə günü keçirilən iclasında qəbul olunub.

Müsavat Partiyası Məclisinin bugünkü iclasında 84 nəfər iştirak edib, 65 lehinə, 6 əleyhinə, qalanları isə bitərəf olmaqla Məclis prezident seçkisini boykot etmək qərarı verib. Qərarda bildirilir ki, bütün namizədlərə bərabər şərait yaradılmadığına, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırıldığına və Seçki Məcəlləsi daha da mürtəceləşdirildiyinə görə partiya boykot yolunu tutur.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Müsavat Partiyası 2007-ci ilin sonunda prezident seçkisində iştirakını açıqlayıb. Lakin bu il mayın sonunda Azərbaycanın Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa dəyişiklik edildikdən sonra Müsavatın seçkidə iştirakı məsələsi ilə bağlı partiya rəhbərliyində tərəddüd yaranıb.

Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku seçkiləri boykot edəcəyi barədə qərar verib. Vətəndaş Həmrəyliyi, Kommunist, Böyük Quruluş partiyaları isə seçkidə öz namizədi ilə çıxış etməyəcək. Ümid Partiyasının sədri İqbal Ağazadənin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən rəsmən irəli sürülüb.

Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti