...

Gürcüstandakı vəziyyət Qafqazda münasibətlərin daha da kəskinləşməsinə səbəb ola bilər – ekspertlər

Siyasət Materials 8 Avqust 2008 20:22 (UTC +04:00)
Gürcüstandakı vəziyyət Qafqazda münasibətlərin daha da kəskinləşməsinə səbəb ola bilər – ekspertlər

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir E.Tarıverdiyeva/ Gürcüstandakı vəziyyət Qafqazda münasibətlərin daha da kəskinləşməsinə səbəb ola bilər, Rusiya çətin ki, vəziyyəti münaqişə səviyyəsinə çatdırmaq istəsin.

"İndi bu əməliyyatların miqyaslı müharibəyə çevrilib-çevrilməyəcəyini demək çətindir, lakin mən münaqişənin bütün Qafqazı əhatə edəcəyini istisna etmirəm", - deyə Trend a Orta Asiya və Qafqaz İnstitutunun araşdırmalar üzrə direktoru, Conson Hopkins Universiteninin professoru Kornell bildirib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Səhər gürcü ordusunun Tsxinvaliyə daxil olması barədə məlumat yayılıb. Rəsmi Tbilisi bu hadisələri "Konstitusiya rejiminin bərpası" adlandırır. Tanınmamış Cənubi Osetiya Rusiyadan hərbi kömək istəyir. Bu gün səhər Gürcüstanın ehtiyatda olan hərbçilərinin səfərbər olunması elan edilib. Bu barədə prezident Mixail Saakaşvili Gürcüstan televiziyası ilə müraciətində bəyan edib.

Amerikanın Qafqaz üzrə aparıcı eksperti Svante Kornell hesab edir ki, Qafqazda müharibə labüddür və buna artıq bu gün gecə təkan verilib. Ekspertin Stokholmdan cümə günü telefonla verdiyi məlumata görə, Qafqazda yeni hərbi əməliyyat ocaqlarının yaranması Moskvaya sərf edir.

Lakin Rusiyanın müstəqil eksperti Pribılovski hesab edir ki, Moskva Osetiyanı müdafiə etməklə Avropa ilə münasibətləri kəsgərginləşdirməyəcək. Onun sözlərinə görə, Gürcüstan Rusiyaya Cənubi Osetiya üzərində nəzarəti ələ keçirməyə imkan verməyəcək və Rusiya münaqişəyə fəal şəkildə qarışmayacaq.

Ekspert hesab edir ki, Saakaşvilinin növbəti məqsədi Abxaziya olacaq və bu artıq onun üçün çətin olacaq. Pribılovskinin rəyinə görə, orada əhali müqavimət göstərəcək, həm də orada real ordu var və Saakaşvili hər iki ərazini tabe etməyi bacararsa, o,hələ 10-15 il Gürcüstanı idarə edəcək. "Lakin problem məhz Abxaziyada olacaq, Osetiyada isə, o qalib gələcək", - deyə ekspert bildirib.

Pribılovski Tsxinvalinin, sabah da olmasa, yaxın günlərdə zəbt ediləcəyini proqnozlaşdırır. Onun sözlərinə görə, heç bir partizan müharibəsi lazım deyil. "Osetinlər müqavimət göstərməyəcək, Kakoytının bütün tərəfdarları Şimalı Osetiyaya köçürlər", - deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, Saakaşvilinin indi hər şeyi başa çatdırması mühümdür, çünki hücumun dayandırılması müxalifət tərəfindən Saakaşvilinin məğlubiyyəti kimi qəbul olunacaq və onları fəallaşdıracaq.

Gürcüstanın müstəqil eksperti Koba Liklikadze bu mövqeyi dəstəkləyir. "Hadisələrin inkişafı ilə bağlı prqnoz vermək, olduqca çətindir. Yalnız onu deyə bilərəm ki, hakimiyyət başladığı işi başa çatdırmalıdır", - deyə Trend a ekspert bildirib.

Britaniyalı ekspert Maykl Denison əmindir ki, Gürcüstanın hərəkəti birmanalı qaydada avantüradır, Rusiya irimiqyaslı əməliyyatalara başlayarsa, Gürcüstan məğlub olacaq. "Gürcüstan hökuməti, ola bilsin ki, Rusiyanın hərəkət etmək imkanı əldə etməsindən əvvəl Cənubi Osetiya üzərində tam nəzarəti bərpa etməyi nəzərdə tutub", - deyə Trend a "Chatham House"un beynəlxalq təhlükəsizlik üzrə mütəxəssisi Dennison bildirib.

Pribılovskinin fikrincə, Rusiyanın münaqişəyə müdaxiləsinə Təhlükəsizlik Şurası Mane ola bilər.

BBC saytının məlumatına görə, Moskvanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının üzvləri cümə günü saat 03:00-da GMT-da təcili müşavirəyə toplaşıblar, lakin Cənubi Osetiyada vəziyyət üzrə bəyanatın yekun mətni barədə razılığa gələ bilməyiblər.

Ekspert hesab edir ki, BMT Təhlükəsizlik Şurası, əsasən, Gürcüstanın lehinə bəyanatla kifayətlənib, lakin, əlbəttə ki, orada hərbi əməliyyatların dayandırılmasına dair məsləhətlər də səslənib. "Təhlükəsizlik Şurası BMT-nin Gürcüstanın tərəfində olduğunu görüb, Rusiyaya təsir göstərə bilər, bu səbəbdən Rusiya ehtiyatılı olacaq", - deyə Pribılovski bildirib.

Avropanın təhlükəsizlik üzrə eksperti Coanna Popyanevski hesab edir ki, BMT vəziyyətin öhdəsindən gələ bilməyəcək.

Təhlükəsizlik İnstitutunun (İsveçrə) direktor müavini Popyanevski Tbilisidən telefonla Trend a bildirib ki, BMT artıq əvvəllər bu prosesdə uğurun əldə olunmasında bacarıqsızlığını göstərib. Hazırkı hadisələr göstərir ki, sülhməramlılar BMT-nin yardımı ilə deyil, Avropa İttifaqının köməkliyi ilə oradan çıxarılmalıdır.

Onun sözlərinə görə, Avropa Şurası indi bu məsələ ilə ciddi məşğul olacaq və daha məqbul qərara gəlməyə səy göstərəcək.

Ekspertlərin rəyinə görə, Gürcüstan və Cənubi Osetiya arasındakı vəziyyət proqnozlaşdırılırdı.

Kornell hesab edir ki, bu vəziyyətin yaranmasına Cənubi Osetiya tərəfindən daim təxribatların törədilməsi səbəb olub. Ekspert hesab edir ki, bu, osetinlərin Gürcüstan kəndlərində etdiklərinə cavabdır. Onun sözlərinə görə, Osetiya Moskva tərəfindən idarə olunur və məhz Rusiya tərəfindən buna təhrik edilib. "Çünki qondarma Osetiya Respublikasının başında hazırda DTK-nin keçmiş generalı dayanır", - deyə Kornell bildirib.

Pribılovski hesab edir ki, Saakaşvilinin hazırda Cənubi Osetiyaya qarşı etdiklərini, təqribən Putin də 1999-2000 -ci illərdə Çeçenistana qarşı etmişdi -- rejimin güc yolu ilə bərpası.

1990 -cı ilin əvvəlində Gürcüstanın Cənubi-Osetiya Muxtar Vilayəti Rusiyanın köməyi ilə ölkənin tərkibindən çıxdı və öz müstəqilliyini bəyan etdi. Bunun nəticəsində, regionda müharibə başladı və Gürcüstan öz ərazi bütövlüyünü bərpa edə bilmədi. Dünya ölkələri və beynəlxalq təşkilatlar Cənubi Osetiyanın müstəqilliyini tanımırlar. 10 ildən bəri davam edən sülh danışıqları heç bir nəticə verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti