...

Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması beynəlxalq münasibətləri iflic vəziyyətə sala bilər -Azərbaycan politoloqları

Siyasət Materials 20 Avqust 2008 16:41 (UTC +04:00)
Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması beynəlxalq münasibətləri iflic vəziyyətə sala bilər -Azərbaycan politoloqları

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan politoloqları hesab edirlər ki, Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması beynəlxalq münasibətlər sistemini iflic vəziyyətə sala bilər.

"Rəsmi Moskvanın atdığı son addımlar, o cümələdən Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması Rusiyanın milli maraqlarına ziddir, emosional addımdır və beynəlxalq aləmdə ciddi problemlərin yaranmasına səbəb ola bilər" - çərşənbə günü Trend -a politoloq Vəfa Quluzadə bildirib.

Trend -un arayışı: Gürcüstanın Cənubi Osetiya və Abxaziya Muxtar Respublikaları 1990 -cı illərin əvvələrində Tbilisidən ayrılaraq, öz müstəqilliklərini elan ediblər. Lakin beynəlxalq ictimaiyyət onların müstəqilliyini tanımayıb. Rusiya Federasiya Şurasının spikeri Sergey Mironov parlamentin yuxarı palatasının Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa hazır olduğunu bəyan edib. Mironov bunun üçün tanınmamış respublikaların xalqlarının iradəsinin vacib olduğunu qeyd edib. O qeyd edib ki, Cənubi Osetiya və Abxaziya xalqlarının iradəsi olsa, Rusiya onların müstəqilliyini tanımağa hazırdır.

Quluzadə qeyd edib ki, Moskva yenidən ABŞ və NATO ilə "soyuq müharibəyə" başlayarsa, bu Rusiyanın dağılması ilə nəticələnə bilər.

"Rusiyada kifayət qədər muxtariyyət var və onlar müstəqillik tələb edə bilərlər. Əgər Rusiya rəhbərliyi Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanısa, onda öz ölkələrində də prosesə təkan verəcəklər", - deyə politoloq əlavə edib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə Trend -a bildirib ki, Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanısa, öz tarixində böyük səhvə yol vermiş olar.

"Belə bir addımın atılması dünyada mənfi president yarada bilər. Rusiyanın ərazisində vaxtaşırı müəyyən separatçılıq meyllərinin yaranmasını nəzərə alsaq, bu presidentdən nə vaxtsa Moskvanın özünə qarşı istifadə olunmayacağına heç bir zəmanət yoxdur" - Mirzəzadə əlavə edib.

Onun fikrincə, Kremlin beynəlxalq ictimaiyyətlə razılaşdırılmamaş belə bir qərarı Rusiyaya qarşı sanksiyaların tətbiq olunması, 50 -60 - cı illərdə mövcud olan "soyuq müharibənin" yenidən başlanması ilə nəticələnə bilər. Politoloq bildirib ki, Rusiyanın belə bir addım atması BMT Təhlükəsizlik Şurasının fəaliyyət göstərməsini sual altında qoyur. Çünki yeni dövlətin tanınması Təhlükəsizlik Şurasının qərarı ilə baş tutur: "Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması BMT-nin əsas prinsiplərini pozacaq. Onda BMT- də ciddi böhran yaranacaq. Ona görə də ümid edirəm ki, bu, Rusiya rəsmisinin ehtiyatsız bir bəyanatıdır".

Politoloq Rasim Musabəyov isə, Trend -a deyib ki, Rusiyanın Qərblə qarşıdurması davam edərsə, Moskvanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması mümkündür.

"Amma Rusiyanın bu addımı cavabsız qalmayacaq. Bu ölkə, ATƏT istisna olmaqla, bütün beynəlxalq təşkilatlardan çıxarılacaq, Moskvanın beynəlxalq əlaqələri sıfra enəcək" - Musabəyov əlavə edib.

Onun fikrincə, Kremlin bu addımından Azərbaycan da ziyan çəkə bilər. Bunun ardınca Ermənistanın və Rusiyanın Dağlıq Qarabağı tanıması gündəmə gələ bilər: "Ona görə də, Moskvanın bu addımı Azərbaycan Rusiya münasibətlərində problemlər yarada bilər".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti