Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) bəyan edib ki, prezident seçkisində iştirak etməyən müxalifət partiyalarının seçkinin nəticələrinə qiymət vermək hüququ yoxdur.
"Prezident seçkisində iştirak etməyən partiyalar ya elektoratlarını itiriblər, ya da hamının qəbul etdiyi və razılaşdığı qaydalar onları razı salmır" - cümə günü Trend -a YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Bir qrup müxalifət partiyası seçkini boykot edir. Seçkini boykot edən Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cümə günü prezident seçkisi ilə bağlı birgə bəyanat imzalayıblar
"Azad rəqabət şəraitinin olmadığı və prezidentliyə iddialı əsas namizədlərin iştirak etmədiyi seçki həqiqi seçki və onun nəticəsində formalaşan hakimiyyət isə, legitim sayıla bilməz" - deyə bəyanatda qeyd olunub. Sənəddə bildirilir ki, ölkədə seçkiqabağı şərait azad və ədalətli seçkilərin keçirilməsi üçün zəruri olan minimum tələblərə cavab vermir. Siyasi fəaliyyət azadlığı yox dərəcəsindədir, siyasi partiyaların fəaliyyətinə çoxsaylı maneələr yaradılır, sərbəst toplaşmaq azadlığı faktiki qadağan olunub.
Hakim partiyanın nümayəndəsi qeyd edib ki, seçkidə iştirak etməyən siyasi qüvvələrin hansı mənəvi hüquqla nəticələrə qiymət verdikləri aydın deyil.
"Bu, məntiqsizlikdir və mənəvi prinsiplərə ziddir. Seçki keçirilmədən onun nəticələrinə qiymət vermək bütün politoloji qaydalara da ziddir".
Onun fikrincə, boykot variantı seçən siyasi qüvvələrin sosial bazalarının zəif olması və seçkidə uduzacaqlarını bildiklərinə görə, seçkiyə qatılmadıqları cəmiyyətə məlumdur.
Millət vəkili bildirib ki, prezident seçkisi başlamayıb, yalnız prosesin müəyyən bir mərhələsi başa çatıb. "Bu mərhələ ilə bağlı nə daxili, nə də xarici müşahidəçilərdə heç bir narazılıq yoxdur. Seçkidə iştirak etmək istəyən istənilən şəxs namizədliyini irəli sürüb. Namizədlərin qeydiyyata alınması və imzatoplama prosesində də heç bir problem yaranmayıb. Prezident seçkisi ciddi müşahidə altında keçiriləcək" - Mirzəzadə əlavə edib.
O qeyd edib ki, seçkini boykot etməklə, bəyanat imzalamaqla diqqətdən kənarda qalan siyasi qüvvələr özlərinin mövcud olduqlarını göstərmək istəyirlər. "Amma cəmiyyət üçün onların nə demək istədikləri və mövcudluqları maraqlı deyil".
YAP təmsilçisi hesab edir ki, bəyanat imzalayan qüvvələr arasında həmişə ziddiyyət olub. Mirzəzadə deyib ki, ona görə də bir müddət keçəndən sonra bəyanat imzalayan şəxslərdən biri müəyyən siyasi dividend əldə edib, digərləri haqda ən ağır ittihamlar irəli sürüb, əməkdaşlığı dayandıracaq: "Onların bir-birini cətin vəziyyətdə qoyub, qaçdığı məlumdur".
Onun fikrincə, müxalifətin imzaladığı birgə bəyanat beynəlxalq təşkilatların prezident seçkisinin nəticələrinə qiymət verməsinə heç bir təsir göstərməyəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]