...

Azərbaycanın müxalifət partiyalarının əməkdaşlıq formatının dəyişdirilməsi müzakirə olunacaq

Siyasət Materials 9 Sentyabr 2008 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalifət partiyalarının təmsil olunduğu "dördlər" formatının dəyişdirilməsi müzakirə olunacaq.

"Müxalifətin birgə bəyanatına qoşulmuş Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum "dördlər" formatında əməkdaşlıqdan imtina etsələr, formatın dəyişdirilməsi və yaxud da bu formata digər siyasi təşkilatların cəlb olunması məsələsi müzakirə olunacaq", çərşənbə axşamı Trend -a "dördlər" formatında təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov bildirib.

Trend -un arayışı: Ötən həftə "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları və "dördlər" formatında təmsil olunan Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15-də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar.

Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib. "Dördlər" formatında təmsil olunan Azərbaycan Milli İstiqlal və Azərbaycan Demokrat Partiyası həmin sənədə qoşulmaqdan imtina ediblər.

Orucov deyib ki, birgə bəyanata imza atmış partiyaların yeni əməkdaşlıq mərkəzi qeyri-rəsmi qurum olduğuna görə, Müsavat və "Azərbaycan Naminə" İctimai Forumun həmin bəyanatı imzalamaları "dördlər" formatında görüşlərə məhdudiyyət yaratmayacaq.

"Hesab edirəm ki, hər iki siyasi təşkilat "dördlər" formatında əməkdaşlığın davam etidirlməsinin əlyehinə olmayacaqlar. Təbii ki, əgər onlar formatda fəaliyyətin davam etdirilməsinə ehtiyac görməsələr, onların qərarlarına hörmətlə yanaşacağıq. Həmin siyasi təşkilatların formatdan uzaqlaşmasından sonra heç bir faciə baş verməyəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, AMİP "dördlər" formatında görüşlərin davam etdirilməsinin tərəfdarıdır və yaxın günlərdə formatın yenidən bir araya gələcəyinə inanır. "İstənilən formatda müxalifət partiyalarının əməkdaşlığı zəruridir. Çalışmalıyıq ki, müxalifət düşərgəsində soyuqluq yaranmasın və münasibətlər korlanmasın", - deyə Orucov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti