...

Azərbaycanın müxalifət partiyasının vəzifəli şəxsləri istefa veriblər

Siyasət Materials 17 Sentyabr 2008 14:24 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının vəzifəli şəxsləri istefa veriblər

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Xalq Cəbhəsi Partiyasının Ali Məclis üzvü Məzahir Qayıbov və partiya sədrinin keçmiş müavini Bahəddin Həziyev vəzifələrindən istefa veriblər.

Qayıbov təşkilatın prezident seçkisinə qoşulmamasına etiraz olaraq istefa verib. "Mən AXCP Ali Məclisi üzvlüyündən və partiya sıralarından istefa verib öz tərəfdarlarımla birlikdə prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin seçki kampaniyasına qoşuluram", Trend -un məlumatına görə, Qayıbovun çərşənbə günü yaydığı bəyanatda qeyd olunub.

Trend -un arayışı: Müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir. AXCP bir sıra müxalifət partiyaları ilə birlikdə prezident seçkisini boykot edir.

AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli partiyanın prezident seçkisinə qatılmamasına etiraz olaraq təşkilat sıralarından istefa verib və prezidentliyə namizədliyini irəli sürüb.

Qayıbov qeyd edib ki, bundan sonra fəaliyyətini öz tərəfdarları ilə birlikdə Əlibəylinin seçki qərargahında və yaradacağı siyasi təşkilatda davam etdirəcək.

"Bu addımı uzun müddət üzv olduğum və fəaliyyətində aktiv iştirak etdiyim AXCP-nin son illərdə uğursuz siyasət aparması nəticəsində demokratik düşərgəni uçuruma yuvarlamasına etiraz olaraq atırıq", - deyə o əlavə edib.

Onun sözlərinə görə, AXCP-nin prezident seçkisini boykot etməsi partiyanın bütün strukturlarının, o cümlədən rayon təşkilatlarının iflic vəziyyətə düşməsinə səbəb olub. Qayıbov AXCP üzvü olan digər şəxsləri də düşünərək partiya sıralarından istefa verməyə çağırıb.

Həziyev isə istefasının səbəbini müxalifətin apardığı siyasətlə izah edib. "Hər bir seçki ölkədə siyasi dəyişikliklərə nail olmaq üçün bir fürsətdir. Təəssüf ki, indiyədək keçirilmiş seçkilərdə bu fürsətlər reallaşmadı. Bu, 2008-ci ilə də aiddir. Müxalifət vaxtında daha sıx birləşməklə bu iqtidarı dəyişmək imkanından yararlana bilmədi. Müxalifətin apardığı mübarizənin yetərli və uğurlu olmaması cəmiyyətimizi çıxılmazlıqla üzbəüz qoyub", - Həziyevin bəyanatında qeyd olunub. Bəyanatda bildirilib ki, o, müstəqil jurnalistika ilə məşğul olmaq məqsədilə AXCP sıralarında siyasi fəaliyyətini dayandırır. Həziyev "Bizim yol" qəzetinin baş redaktorudur.

AXCP sədrinin təşkilatı məsələlər üzrə müavini Həsən Kərimov isə bildirib ki, partiya rəhbərliyində Qayıbov və Həziyevin istefası haqqında məlumat yoxdur: "Hər iki şəxsin istefası bizim üçün gözlənilməz haldır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti