...

Əfqanıstanda insan alveri ilə bağlı faktların sayı artıb

Siyasət Materials 17 Sentyabr 2008 16:54 (UTC +04:00)
Əfqanıstanda insan alveri ilə bağlı faktların sayı artıb

Əfqanıstan, Kabil, 17 sentyabr / Trend A.Həkimi / Beynəlxalq Miqrasiya Təşkilatının (Iinternational Oorganization for Mmigration) son məruzəsində Əfqanıstanda insan alveri faktlarının artması göstərilir. Təşkilat Əfqanıstan hökumətini və insan haqları üzrə müdafiəçiləri ölkədəki insan alverinə qarşı mübarizə aparmağa çağırıb.

Beynəlxalq Miqrasiya Təşkilatının məruzəsi Əfqanıstanda insan alveri ilə bağlı aparılan yeni araşdırmaların nəticələri və insan alveri qurbanlarının söylədiyi faktlar əsasında hazırlanıb.

Araşdırlmar Əfqanıstanın doqquz sərhədyanı vilayətində və Kabil şəhərində aparılıb. Beynəlxalq Təşkilat Əfqanıstanda insan alveri qurbanlarının dəqiq sayını açıqlamayıb.

Trend -un Əfqanıstandakı müxbirinin məlumatına əsasən, Beynəlxalq Miqrasiya Təşkilatının Kabildəki ofisinin İnsan alveri ilə mübarizə şöbəsinin müdiri Neginə Məhəmmədcanov onların sayı barədə dəqiq məlumat verməsə də, bildirib ki, bu göstərici dəhşətli və kədərlidir. O, daha sonra əlavə edib ki, ümumiyyətlə, insan alveri qurbanlarının real sayı statistika göstəricilərindən də artıqdır.

Təşkilat Əfqanıstanda insan alveri ilə bağlı halların qarşısının alınması üçün hazırladığı məruzəni müvafiq beynəlxalq təşkilatlara, o cümlədən ölkənin dövlət strukturlarına, insan haqları ilə bağlı təşkilatlara və hüquq-mühafizə orqanlarına göndərmək niyyətindədir.

Beynəlxalq Miqrasiya Təşkilatı Əfqanıstanda insan alveri ilə bağlı faktların kəskin şəkildə artmasının səbəblərini ölkənin uzun illər müharibə şəraitində olması, iqtisadi qeyri-sabitlik, əhalinin yaşayış səviyyəsinin aşağı olması, savadsızlıq, işsizlik kimi amillərlə əlaqələndirib.

Ötən il ABŞ Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış Əfqanıstanda insan alveri ilə bağlı durumu əks etdirən məruzədə əfqan qadın, kişi və uşaqlarının hansı yolla, hansı məqsədlə və hansı ölkələrə aparılmasına dair məlumatlar göstərilmişdi.

Əfqanıstanda hökm sürən qeyri-sabitlik, işsizlik, yoxsulluq əfqan ailələrini uşaqlarını taleyini düşünmədən, gələcəyini təmin etmək məqsədilə insan alverçilərinə verməyə məcbur edir. Nəticədə əsasən Avropa ölkələrinə aparılan uşaqların əksəriyyəti fiziki və cinsi zorakılığa məruz qalır, ağır iş şəraitində ya ölür, ya ömürlük şikəst qalır, yaxud onların bədən üzvləri satılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti