...

Hər bir məmur vətəndaşdır və onun aksiyaya qoşulmaq hüququ var - Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 24 Sentyabr 2008 14:07 (UTC +04:00)
Hər bir məmur vətəndaşdır və onun aksiyaya qoşulmaq hüququ var - Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan hakimiyyəti dövlət rəsmilərinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi təbliğat-təşviqat aksiyalarında iştirak etməsi ilə bağlı müxalifəti təmsil edən Ümid Partiyasının prezidentliyə namizədinin iddiasını əsassız sayır.

"Belə bir hal yoxdur və Ümid Partiyasının MSK-ya etdiyi müraciət ədalətsizdir", çərşənbə günü jurnalistlərə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Hakim Yeni Azərbaycan partiyası sentyabrın 17-də Bibiheybətdə partiyanın namizədi, prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində mitinq keçirib. Ümid Partiyası mitinqdə dövlət rəsmilərinin iştirak etməsi və bunun qanuna zidd olması ilə bağlı MSK-ya müraciət edib. Partiya komissiyanın bununla bağlı tədbir görməsini tələb edir.

Həsənovun sözlərinə görə, hakim partiyanın seçkiqabağı təbliğat-təşviqat tədbirlərində heç bir dövlət rəsmisi iştirak etmir.

"O ki qaldı, hansısa partiyanın təşkil etdiyi mitinqdə iş vaxtı qurtarandan sonra hər hansı məmurun iştirak etməsinə, bu, hər bir dövlət rəsmisinin öz hüququdur. Hər bir məmur da vətəndaşdır, seçicidir və işdən sonra bu və ya digər aksiyaya qoşulmaq hüququna malikdir", - deyə Həsənov əlavə edib.

Onun sözlərinə görə, məmurlar seçkiqabağı təşviqatda fəal iştirak etmirlər, hansısa namizədin xeyrinə və ya əleyhinə çağırışlar səsləndirmirlər.

"Belə bir hal müşahidə olunsa, qanuna uyğun şəkildə tədbirlər görüləcək", - Həsənov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti