İsrail, Qüds, 25 sentyabr/ Trend , müxbir Arye Qut / Çərşənbə günü axşam İsrail prezidenti Şimon Peres BMT Baş Assambleyasında çıxış edib. Trend - un xüsusi müxbirinin İsrail prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Peres çıxışının əvvəlini İsrail dövlətinin yaranmasının tarixi rakursuna həsr edib. "Mən təhlükəsizlik strukturunun qurulmasından başlayaraq sülh proseslərinədək İsraildə baş verən bütün tarixi hadisələrdə bilavasitə iştirak etmişəm. Odur ki, mən tarixi öyrənmək üçün heç bir kitaba ehtiyac duymuram. Mən özüm İsralin valehedici inkişafının şahidi olmuşam. Biz yeddi müharibə yaşamışıq. Oğul və qızlarını itirmiş anaların göz yaşları hələ də axır", - deyə İsrail prezidenti bildirib.
Peresin sözlərinə görə, İsrail həyatın dəyərinin parlaq qələbədən üstün olduğunu anlayaraq gurultulu qələbələrdən sonra sülh prosesinə müraciət etdi. "Biz həmçinin iki sülh müqaviləsinə də nail olduq. Birincisi ən iri ərəb dövləti Misir, ikincisi isə İordaniya Haşimilər Krallığı ilə. Bu gün müharibə nəticəsində ixtiyarımıza keçən bütün torpaq, su və təbii sərvətlər sülh müqaviləsinin imzalanmasına yönəldilib", - deyə Peres bildirib.
Peres öz çıxışında fələstinlilərlə münaqişənin sülh yolu ilə nizamlanması prosesinə də toxunub və 2009 - cu ilin sonlarınadək "tam sülh"ün əldə olunmasının mümkün olacağına əminliyini ifadə edib. "Biz danışıqları bu il başa çatdırmağa cəhd göstərdik. Lakin bu çox vaxt aparacaq. Güman edirəm ki, gələn il razılaşma əldə etmək olar", - deyə o bildirib.İran məsələsinə toxunan Peres bildirib ki, "İran dünyada "güc və fanatizmin" mərkəzidir". Onun sözlərinə görə, bu ölkənin regionda dini hegemonluq və hökmranlığa can atması Yaxın Şərqi parçalayır və bununla insan haqlarını pozaraq sülhün əldə edilməsi üçün mövcud imkanları məhdudlaşdırır. Peres hesab edir ki, İranın "Hizbullah"a dəstəyi Livanı parçaladı, Tehranın Həmasa dəstək göstərməsi fələstinliləri parçaladı və Fələstin dövlətinin yaranmasını təxirə saldı.