...

Azərbaycanda alternativ xidmət gəncləri ordudan yayındıra bilər – Parlament Aparatının rəhbəri

Siyasət Materials 27 Sentyabr 2008 16:30 (UTC +04:00)
Azərbaycanda alternativ xidmət gəncləri ordudan yayındıra bilər  –  Parlament Aparatının rəhbəri

Azərbaycan, Bakı, 27 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti hesab edir ki, ölkədə alternativ xidmətin tətbiq edilməsi gənclərin ordu sıralarında hərbi xidmət keçməkdən yayınmasına səbəb ola bilər.

"Ona görə də, alternativ xidmət daha uzunmüddətli, həm də şərtləri hərbi xidmətdən daha ağır olmalıdır ki, insanlar bunu bəhanə gətirərək, hərbi xidmətdən qaçmasınlar", - Trend - un məlumatına görə, bu barədə şənbə günü keçirilən mətbuat konfransında Milli Məclis (parlament) Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Trend - un arayışı: Azərbaycan 2001 - ci ildə Avropa Şurasına qəbul olunarkən öz üzərinə "Alternativ xidmət haqqında" Qanunun qəbulu ilə bağlı öhdəlik götürüb. Lakin bu öhdəlik yerinə yetirilməyib.

Mirzəyev qeyd edib ki, "Alternativ xidmət haqqında" Qanunun qəbulu mürrəkkəb məsələ deyil. Lakin ictimaiyyətin və ayrı - ayrı insan təbəqələrinin bu məsələyə münasibəti çox vacibdir.

Onun sözlərinə görə, Avropada alternativ xidmət çox yumşaq bir xidmətə çevrilib.

"Çünki, Avropada hərbi xidmətin müddəti get - gedə azalır. Bir çox ölkələrdə bu müddət 6 aydır. Avropada yalnız əqidəsinə görə hərbi xidmətə getməyənlər alternativ xidmət keçirlər. Sosial xidmətlərdə, xəstəxanalarda, şəhərin abadlaşdırılmasında iştirak edirlər. Azərbaycan müharibə şəraitində olduğuna görə, hərbi xidmətə münasibət başqadır. Ona görə də, biz bütün bunları Avropasayağı həyata keçirə bilmərik" - Mirzəyev əlavə edib.

Mirzəyev vurğulayıb ki, Azərbaycanda əqidəsinə görə hərbi xidmətə getməyənlər kiçik bir təbəqədir. Onun fikrincə, alternativ xidmətin hərbi xidmətdən daha ağır olması Qanunda əks olunmalıdır.

"Yerli və beynəlxalq ekspertlər mənim bu mövqeyimlə razılaşmırlar və bunun dünya standartlarına uyğun olmadığını bildirirlər. Amma istənilən halda, hansısa formada "Alternativ xidmət haqqında" Qanun qəbul olunacaq" - Milli Məclis Aparatının rəhbəri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti