...

Gürcüstan Rusiyanın AŞPA - dakı nümayəndə heyətinin mandatının dondurulmasını tələb edir -nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 29 Sentyabr 2008 17:18 (UTC +04:00)
Gürcüstan Rusiyanın AŞPA - dakı nümayəndə heyətinin mandatının dondurulmasını tələb edir -nümayəndə heyətinin rəhbəri

Fransa, Strasburq, 29sentyabr/ Trend , müxbirlər İ.Əlizadə, A.Məhərrəmli/ Gürcüstan tərəfi Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin mandatının dondurulmasını tələb edir. "Digər ölkələrdən olan 20 deputat belə bir təşəbbüslə çıxış edir və məsələ müzakirəyə çıxarılsa, Gürcüstan nümayəndə heyəti bunun qəbul olunmasına səs verəcək", - bu barədə bazar ertəsi Strasburqda jurnalistlərə açıqlamasında Gürcüstanın AŞPA - dakı nümayəndə heyətinin rəhbəri Georgi Qabaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi məruzəçi Luk van Derbrandenin hazırladığı memorandumdan razıdır: "Təbii ki, sənəddə, əsasən, razılaşdığımız müsbət məqamlar var. Bəzi məlumatlar və tövsiyələr də var ki, onlar da sabah və dördüncü gün müzakirəyə çıxarılacaq. Biz avqustda baş verən bütün hadisələrə beynəlxalq və obyektiv qiymət verilməsinin tərəfdarıyıq".

Nümayəndə heyətinin rəhbəri əlavə edib ki, bəzi məsələlər var ki, onların müzakirəyə çıxarılmasına ehtiyac yoxdur. Qabaşvili deyib ki, Rusiya, bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşacağı kimi məsələ də daxil olmaqla, Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozub.

"Bu gün Rusiya Gürcüstanın ərazi bütövlüyünə qəsd edib və onun ərazilərinə daxil olan bölgələri müstəqil ölkələr kimi tanıyıb. Belə məsələlər, təbii ki, müzakirə predmeti ola bilməz ", - deyə o əlavə edib.

Onün fikrincə, AŞPA, təşkilatın prinsiplərinə uyğun olaraq, Rusiyanı öz öhdəliklərinə əməl etməyə çağırmalıdır: "Biz AŞPA - dan Rusiya ilə bağlı adekvat Qətnamə və tövsiyələr gözləyirik".

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropa İttifaqı Gürcüstana faktaraşdırıcı missiya göndərəcək və missiya oktyabrın birində fəaliyyətə başlayacaq: "Ümid edirik ki, növbəti mərhələdə Avropa İttifaqı bölgədə neytral və obyektiv sülhməramlı qüvvələr yerləşdirəcək. Bu bizim əsas məqsədimizdir ki, münaqişə neytral sülhməramlı qüvvələrin yardımı il həll olunsun".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti