Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanın dörd müxalifət təşkilatının rəhbərləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi ilə görüşüb.
"Semnebinin başçılıq etdiyi nümayəndə heyətini daha çox müxalifətin prezident seçkisilə bağlı vəziyyət maraqlandırdı. Biz seçkiqabağı dövrdə müəyyən problemlərin olduğunu qeyd etməklə bərabər, təşviqat kampaniyasının aparılmasına icra strukturlarının maneçilik törətmədiyini də vurğuladıq" - bazar ertəsi Trend -a görüşdə iştirak edən prezidentliyə namizəd, müxalif Böyük Quruduş Partiyasının (BQP) Fazil Qəzənfəroğlu bildirib.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Görüşdə onunla yanaşı, "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov, AXCP sədri Əli Kərimli və Ümid Partiyası sədrinin ideologiya məsələləri üzrə mavini Ənvər Ağayev iştirak ediblər.
BQP başqanının sözlərinə görə, görüşdə televiziyalarda hakimiyyətin namizədinin təbliğatına daha çox üstünlük verildiyi də bildirilib: "Amma bütövlükdə təşviqat kampaniyasının qaydalara uyğun olduğu söylənildi", - Qəzənfəroğlu deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]