Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanda prezident seçkilərini boykot edən siyasi təşkilatların forumu oktyabrın 11-də Müsavat Partiyasının qərargahında keçiriləcək. Bu barədə Trend -a Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyası, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum prezident seçkisinin nəticələrini tanımamaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.
Bəyanatı imzalamış siyasi təşkilatların oktyabrın 4 - də Rəşid Behbudov adına Mahnı Teatrı və Dənizçilərin Mədəniyyət Evində nəzərdə tutduqları forum, həmin qurumların rəhbərlərinin razılıq verməməsi səbəbindən baş tutmamışdı.
Müsavat funsionerinin sözlərinə görə, forumun partiyanın qərargahında keçirilməsi haqda qərar Müxalifətin Əməkdaşlıq Mərkəzinin işçi qrupunun oktyabrın 6 - dakı toplantısında verilib: "Forumda hakimiyyətin beş illik fəaliyyəti təhlil olunacaq, prezident seçkiləri ərəfəsi ölkədə yaranmış ictimai - siyasi proseslər müzakirə ediləcək", - Hacılı bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]