...

Azərbaycanın "Seçki 2008" Koalisiyası prezident seçkisi ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb

Siyasət Materials 16 Oktyabr 2008 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın "Seçki 2008" Koalisiyası prezident seçkisi kampaniyası və səsvermə prosesi ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlyaıb. Trend -un məlumatına görə, koalisiyaya daxil olan "İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi cümə axşamı deyib ki, seçki günü 59 dairə üzrə 1547 məntəqəni əhatə edən müşahidə aparılıb.

Koalisiya üzvünün sözlərinə görə, seçki məntəqələrinin açılması və səsverməyə hazırlanması, məntəqənin bağlanması, səslərin hesablanması prosesində qanunda göstərilən prosedurlara tam əməl edilməməsi hallarına rast gəlinib.

"Seçici siyahılarında hələ də ölkədən kənarda yaşayan insanların adına rast gəlmək olurdu. Bir neçə məntəqədə müşahidəçilər üçün ayrılan yerlər onların səsvermə, səslərin hesablanması və protokolun tərtib olunması prosesini tam izləmələrinə tam imkan vermirdi", - Qazi bildirib.

Bütün bunları nəzərə alaraq, "Seçki 2008" QHT Koalisiyası bəyan edir ki, prezident seçkisi nəticələrə təsir etməyən kiçik pozuntuların olmasına baxmayaraq, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun olaraq, yerli və beynəlxalq təşkilatların tövsiyələri əsasən nəzərə alınmaqla, azad və demokratik prinsiplər çərçivəsində keçirilib.

Koalisiyanın rəyində qeyd edilir ki, seçkidə seçicilərin iştirak faizi 68,3 faiz olub.

MSK-nın ilkin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb - 89,04 faiz.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

MSK-nın ilkin nəticələrinə əsasən, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Hacıyev 0,62 faiz səs toplayıb.

Azərbaycanda seçkini 60-a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB-dən qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti