...

Azərbaycanda prezident seçkisinə qatılmamış müxalifət partiyası seçkinin nəticələrini tanıyıb

Siyasət Materials 16 Oktyabr 2008 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda keçirilmiş prezident seçkisində iştirak etməmiş müxalif Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) seçkinin nəticələrini tanıyıb.

"Azərbaycan Milli İstiqlal Partiyası ölkədə keçirilmiş prezident seçkisini baş tutmuş hesab edir və İlham Əliyevin seçkilərdə qalib gəlməsi faktını tanıyır",- deyə AMİP-in cümə axşamı prezident seçkisi ilə bağlı qəbul etdiyi bəyanatında bildirilib.

Trend - un arayışı: Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib. Azərbaycanın hakim partiyasından olan namizəd, indiki prezident İlham Əliyev ilkin nəticələrə görə, seçici səslərinin böyük əksəriyyətini - 88,64 faizini toplayıb.

Dövlət başçısı postuna yeddi namizəd iddia edib. MSK-nın ilkin məlumatlarına görə, İqbal Ağazadə 2,87 faiz, Fazil Qəzənfəroğlu 2,50 faiz, Qüdrət Həsənquliyev 2,30 faiz, Qulamhüseyn Əlibəyli 2,25 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Hacıyev 0,65 faiz səs toplayıb.

AMİP bəyanatında bildirib ki, partiya yeni seçilmiş ölkə başçısının bundan sonrakı fəaliyyəti zamanı ölkənin ərazi bütövlünün bərpası, demokratik institutların möhkəmləndirilməsi, iqtisadi və siyasi islahatların aparılması, korrupsiyaya qarşı mübarizə istiqamətində

səmərəli mövqe nümayiş etdirəcəyinə ümid edir.

"AMİP hakimiyyəti demokratik mühitün sağlamlaşdırması və qarşılıqlı inama söykənən cəmiyyətin qurulması üçün bütün siyasi qüvvələrə əl üzatmağa cağıraraq bir daha bəyan edir ki, ölkənın problemlərinin həlli qarşılıqlı anlaşmadan və hörmətdən keçir", deyə bəyanatda qeyd olunub.

Trend - un arayışı: AMİP 1992- ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004 - cü ilin sonunadək sədri olmuş Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir. AMİP prezident seçkiçinə öz namizədi ilə qatılmamışdı.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti