Azərbaycan, Bakı, 29 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü vida mərasiminin keçirildiyi Azərbaycan Dövlət Filarmoniyasında böyük müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsini yad edib.
Böyük müğənni oktyabrın 25-də Moskvada ürək çatımazlığı nəticəsində 67 yaşında vəfat edib. Maqomayev Bakıda Fəxri Xiyabanda dəfn olunacaq. Çərşənbə axşamı onun nəşinin olduğu tabut xüsusi reyslə Bakıya gətirilib.
Saat 11 - dən Dövlət Filarmoniyasında Maqomayevlə vida mərasiminə minlərlə insan - həm məşhurlar, həm də ən müxtəlif yaşda insanlar, sadə bakılılar gəlib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da böyük müğənninin xatirəsini yad etməyə gəlib. Dəfn mərasiminə Rusiyanın - Müslüm Maqomayevin ikinci vətəninin nümayəndələri, rusiyalı jurnalistlər və əlbəttə , mərhum müğənninin həyat yoldaşı - SSRİ xalq artisti Tamara Sinyavskaya da gəlib.
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. Fortepiano və bəstəkarlıq sinfi üzrə Bakı Konservatoriyası nəzdində musiqi məktəbində oxuyub, nəğmə sinfi üzrə Azərbaycan Konservatoriyasını bitirib.
Ona ümumittifaq şöhrəti 1962-ci ildə Kremlin Qurultaylar Sarayında Azərbaycan Incəsənəti Festivalının son konsertində çıxışı gətirib. Bariton müğənninin ilk solo konserti 1963 - cü il noyabrın 10 -da, Çaykovski adına Konsert salonunda keçirilib.
1963 - cü ildə Maqomayev, Axundov adına Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1964 - 1965 - ci illərdə Milanın "La Skala" teatrında təcrübədən keçib, 1960-cı illərdə Sovet İttifaqının ən iri şəhərlərində "Toska" və "Seviliya bərbəri" tamaşalarında çıxış edib (tərəf- müqabili - Mariya Bieşu), Böyük Teatrın truppasına keçmək təklifini qəbul etməyib.
1969 - cu ildə Sopot festivalında Maqomayev I mükafatı, Kannda isə "Qızıl val" mükafatını alıb.
1973 - cü ildə 31 yaşlı Müslüm Maqomayev SSRİ Xalq Artisti fəxri adına layiq görülüb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]