...

Azərbaycanın müxalifət partiyasının bir qrup üzvü istefa verib

Siyasət Materials 5 Noyabr 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalif Müasir Müsavat Partiyasının Siyasi Şurasının bir qrup üzvü partiyadan istefa verib.

Siyasi Şuranın çərşənbə günü keçirilən iclasında, ,partiyanın siyasi xəttində dəyişiklik edilməsi ilə bağlı əslən Qərbi Azərbaycandan olan bir qrup üzvün təklifi müzakirəyə çıxarılıb.

"Bir qrup üzv, prezident seçkisində partiyanın sədri Hafiz Hacıyevə xalq tərəfindən böyük dəstək olduğu halda, sonuncu yerə salınmasına etiraz əlaməti olaraq, partiyanın mövqeyində dəyişiklik etməsi və radikal müxalifətlə iş birliyinə getməsi təklifilə çıxış ediblər. Siyasi Şurada səsə qoyulmuş təklif səs çoxluğu ilə qəbul olunmayıb. Bundan narazı olan qrup iclas zalında Siyasi Şuranın tərkibindən və partiyadan istefa verdiklərini bildiriblər",- çərşənbə günü Trend - a daxil olan partiyanın məlumatında bildirilib.

İclasın yekununda Siyasi Şura partiyanın bu günədək yürütdüyü siyasi xətti davam etdirməsi barədə qərar qəbul edib.

Trend - un arayışı: Hafiz Hacıyev 1992-1993 - cü illərdə "Azərbalıq" Dövlət Konserninin sədri olub. Əvvəl Azərbaycan Xalq Cəbhəsində, Müsavat Partiyasında təmsil olunub. 2000 - ci ildə Müasir Müsavat Partiyasını təsis edib, partiya 2002- ci ildə dövlət qeydiyyatından keçib. Müasir Müsavat Partiyası özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.

Oktyabrın 15 - də Azərbaycanda keçirilmiş prezident seçkisində partiyanın sədri Hafiz Hacıyev 0,65 faiz səs toplayıb. Partiyadan istefa vermiş bir qrup üzv prezident seçkisi öncəsi qərbi azərbaycanlılara qarşı yaranmış ögey münasibətə etiraz əlaməti olaraq, Hafiz Hacıyevin öz namizədliyini geri götürməsini təklif etmişdilər. Həmin təklif səs çoxluğu ilə qəbul olunmamışdı.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti