Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı hesab edir ki, iqtidar-müxalifət dialoqunun baş tutması üçün iqtidar maraqlı tərəf kimi ilk addımı atmalıdır.
"Dialoqun uğurlu olması ilk növbədə masa arxasında hansı tərəfi kimlərin təmsil etmələrindən asılıdır. Müxalifətin qarşısında deyilmiş sözü və ya fikri müəyyən bir səvviyədə yerinə yetirməyə, ona cavab verməyə səlahiyyəti çatanlar oturmalıdırlar", - deyə cümə axşamı Trend -a Rüstəmxanlı bildirib.
Trend -un arayışı: 2005-ci ilin parlament seçkiləri ərəfəsində ATƏT-in Bakı ofisinin vasitəçiliyi ilə müxalifət, hakim və hakimiyyətyönlü partiyalar arasında bir necə görüş keçirilib. Sonradan dialoqu davam etdirmək mümkün olmayıb. Bu il oktyabrın 15-də keçirilən prezident seçkisində bir neçə müxalifət partiyası YAP-ın namizədini dəstəkləyib. Seçkidən sonra YAP-ın bu partiyalarla dialoqu məsələsi yenidən gündəmə gəlib.
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Trend -a bildirib ki, partiya müxalifətlə heç bir şərt irəli sürmədən dialoqa hazırdır.
Rüstəmxanlının fikrincə, cəmiyyətdə ümumi sabitlik naminə iqtidar-müxalifət dialoqu zəruridir. "Dialoq Milli Məclis və mətbuat çərçivəsində olsa da, daha konkret və üzbəüz olmalıdır. Bu mövzu seçkilər ərəfəsində həm müxalifət, həm də iqtidar mətbuatının əsas mövzularından birinə çevrilmişdi. Halbuki, buna mövsümi iş kimi yanaşmaq olmaz", - deyə VHP sədri bildirib.
O hesab edir ki, iqtidar-müxalifət dialoqu cəmiyyətin əsas tələblərindən biri və ictimai sifarişdir. "Dövlətini, cəmiyyətini yaşatmaq istəyən millət bu dialoqdan qaçmamalıdır. Fərqli düşüncə və əqidə qütblərinin arasında mənəvi körpülərin salınması, ayrı-ayrı mövqelərdən deyilən fikirlərə dözümlü münasibət son dərəcə zəruridir", - deyə Rüstəmxanlı bildirib.
Trend -un arayışı: Vətəndaş Həmrəyliyi Partiyası Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının rəhbərliyi altında 1992-ci il 26 sentyabrda bir qrup ziyalı tərəfindən yaradılıb. 3 noyabr 1992-ci ildə dövlət qeydiyyatına alınan partiyanın 80 rayonda yerli təşkilatı fəaliyyət göstərir, 35 mindən artıq üzvü var. VHP 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü ilin bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri millət vəkili, xalq şairi Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində isə prezidentliyə namizəd olub.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]