Azərbaycan, Bakı, 10 noyabr / Trend / Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan prezidenti sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti aidiyyəti qurumların təklifləri əsasında, Bakı şəhərində əhalinin məskunlaşdığı ərazilərin mövcud və perspektiv genişlənməsi, metrodan istifadə edən sərnişinlərin sayı və hərəkət istiqamətləri nəzərə alınmaqla, "Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı"nın layihəsini altı ay müddətində hazırlayıb, prezidentə təqdim edilsin.
Bakı Metropoliteninin fəaliyyət göstərdiyi 40 il ərzində 21 stansiya istifadəyə verilib, son illərdə orta illik sərnişindaşıma 160 milyon nəfərdən çox olub. Bu nəqliyyat növünün davamlı fəaliyyətinin təmin edilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni vaqonların alınması və tikinti-quraşdırma işlərinin genişləndirilməsi daim dövlətin diqqət mərkəzində saxlanılıb.
Dövlət Proqramının hazırlanması zamanı müvafiq tədbirlər Bakı şəhərinin baş planı və əhalinin məskunlaşması nəzərə alınmaqla digər ictimai sərnişindaşıma nəqliyyat vasitələri ilə (avtobus, elektrik qatarı) əlaqələndirilməlidir. Mövcud beynəlxalq təcrübədən istifadə edilməklə Bakı Metropoliteninin yeni baş sxeminin tərtibi təmin edilməlidir. Hazırda istismarda olan metro şəbəkəsinin texniki vəziyyətinin təhlil və müayinəsi əsasında şəbəkənin təkmilləşdirilməsinə, təhlükəsizliyinin artırılmasına, zəruri hesab edilən yenidənqurma və bərpa işlərinin aparılmasına, habelə Bakı Metropoliteninin maddi-texniki təchizatının yaxşılaşdırılmasına dair təkliflər əhatə olunmalıdır.
Sərəncama əsasən Dövlət Proqramı"nın hazırlanması işlərinə cari ildə başlanılmasını təmin etmək məqsədi ilə Bakı Metropoliteni İdarəsinə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 (iki) milyon manat məbləğində vəsait ayrılacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]