...

Azərbaycanın müxalifət partiyalarının liderləri yeni birlik yaratmaq üçün məsləhətləşmələri davam etdirirlər

Siyasət Materials 10 Dekabr 2008 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycan müxalifətinin yeni birliyinin yaranması ilə bağlı məsələhətləşmələr davam edir.

"Bu məqsədlə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə görüşmüşəm. Mirmahmud Mirəlioğlu isə Müsavat Partiyasının başqanı İsa Qəmbərlə müzakirə aparıb", - çərşənbə günü Trend -a müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend - un arayışı: Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları müxalifətin gələcək əməkdaşlığını nəzərdə tutan layihələr hazırlayıblar.

Müxalifətin Əməkdaşlıq Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları), Müsavat Partiaysı və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir. Sentyabrın əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçirilən prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

Seçkidən sonra müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlar başlasa da, qarşılıqlı ittihamlar nəticəsində hələki müxalifətin geniş koalisiyasının yaranması baş tutmur.

Onun sözlərinə görə, KXCP sədri ilə görüşdə Mirəlioğlunun müxalifətin inteqrasiyası ilə bağlı irəli sürdüyü təşəbbüs müzakirə olunub. "ADP həmin təşəbbüsü dəstəkləyib. Müxalifətin yeni birliyinin alınması isə digər qüvvələrin reaksiyasından asılı olacaq", - Cəlaloğlu vurğulayıb.

Cəlaloğlu ADP-nin müxalif partiyaların birləşdiyi və KXCP-nin də təmsil olunduğu Demokoratiya Uğrunda İttifaqa (DUİ) üzv olmaqla bağlı onlara müraciət edilmədiyini deyib: "Belə təklif edilsə belə, bizim həmin qurumda təmsil olunmaq, eləcə də əməkdaşlıq etmək fikrimiz yoxdur. Biz yalnız real siyasi güclərin yeni birliyinin yaranmasının tərəfdarıyıq", - ADP sədri bildirib.

Onun fikrincə, yeni yaranacaq birliyin bələdiyyə və parlament seçkiləri ilə bağlı fəaliyyət proqramı qəbul olunmalıdır: "Əks halda, bizim heç bir birlik oyununda iştirak etmək niyyətimiz yoxdur", - Cəlaloğlu qeyd edib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti