...

Azərbaycan və Türkiyənin siyasi partiyaları arasında görüş başlanmalıdır - partiya sədri

Siyasət Materials 11 Dekabr 2008 17:04 (UTC +04:00)
Azərbaycan və Türkiyənin siyasi partiyaları arasında görüş başlanmalıdır - partiya sədri

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakimiyyətyönlü Ana Vətən Partiyası (AVP) Azərbaycan və Türkiyənin siyasi partiyaları arasında görüş keçirilməsini təklif edir.

"İki ölkənin siyasi partiyaları arasında belə bir görüşün keçirilməsində məqsəd Türkiyə - Ermənistan münasibətləri ilə əlaqədar hər iki cəmiyyətdə yaranmış narahatlğı aradan qaldırmaqdır", - bu barədə cümə axşamı jurnalistlərə AVP sədri, parlamentin deputatı Fəzail Ağamalı bildirib.

Trend - un arayışı: Ermənistanla Türkiyə arasındakı əlaqələr 1993 - cü ildən kəsilib. Buna səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 % ərazisini işğal etməsi olub. Bu il sentyabrın 6 - da futbol üzrə Avropa Çempionatı qrup oyunları çərçivəsində keçirilən Ermənistan - Türkiyə oyununa, Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Abdullah Gülü Yerevana dəvət etdi. Gül dəvəti qəbul edərək, Yerevana getdi və bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir. Türkiyə tərəfi Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında da vasitəçilik etməyə çalışır. Bu məqsədlə Türkiyə xarici işlər naziri Əli Babacan Nyu - Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdi.

Ağamalı qeyd edib ki, Azərbaycan və Türkiyənin siyasi partiyaları arasında görüş təşkil etmək məqsədilə təşəbbüs qrupu yaradılmalıdır. Onun sözlərinə görə, hazırki şəraitdə belə bir görüşün keçirilməsi vacibdir.

"Siyasi partiyalar keçirdikləri görüşün nəticəsi olaraq, Türkiyə və Ermənistan münasibətləri ilə bağlı cəmiyyətə lazımi məlumatları çatdıra bilərlər", - Ağamalı əlavə edib.

Partiya sədrinin bildirdiyinə görə, bu məsələyə mütləq aydınlıq gətirilməlidir. "Artıq bu, hər iki cəmiyyətin sosial sifarişidir", - deyə partiya sədri vurğulayıb.

Hakimiyyətyönlü AVP 1991 - ci ildə yaradılıb. Partiya parlamentdə iki deputatla təmsil olunub.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti