...

Azərbaycanın hakim partiyası müxalifətdən dialoq təşəbbüsü gözləyir

Siyasət Materials 11 Dekabr 2008 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / müxbir A.Hüseynbala/ Azərbaycanın hakim partiyası prezident seçkisini boykot edən müxalifət partiyaları ilə dialoqa hazır olduğunu bildirib.

"Həmin müxalifət partiyaları təşəbbüs göstərərlərsə, biz dialoqa hazırıq", - cümə axşamı Trend - a hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend - un arayışı: Azərbaycanda 15 oktyabr prezident seçkisindən sonra iqtidar -müxalifət dialoqu ilə bağlı müzakirələr başlayıb. Son günlərdə dialoqun seçkini boykot edən müxalif qüvvələr aparılacağı haqda da məlumatlar yayılıb.

Müxalifətin Əməkdaşlıq Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları), Müsavat Partiaysı və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir. Sentyabrın əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçirilən prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak etmişdir.

Seçkilərin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb-88.73 faiz.

İqbal Ağazadə 2, 86 faiz, Fazil Qəzənfəroğlu 2,4 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Haçıyev 0,65 faiz səs toplayıb.

Qurbanlı deyib ki, iqtidar - müxalifət dialoqunun ən bariz nümunəsi prezident seçkisi olub.

Seçkidə öz namizədləri ilə iştirak edən müxalif partiyaların sədrləri seçkidən sonra qalibi, yəni Azərbaycan prezidenti İlham Əliyevi təbrik etməklə, iqtidar-müxalifət münasibətlərinin sivil mərhələdə olduğunu nümayiş etdirdilər.

Onun sözlərinə görə, seçkini boykot edən partiyalar cəmiyyətdə öz mövqelərini itirməkdə və siyasi səhnədən uzaqlaşmaqdadırlar.

Rusiyada olduğu kimi, Azərbaycan hakimiyyətinin müxalifətin bir hissəsinin birliyini yaratması ilə bağlı iddialara gəldikdə, YAP rəsmisi deyib ki, müxalifəti hakimiyyət müəyyənləşdirmir.

"Müxalifət varlığını özü sübut etməlidir. İqtidar-müxalifət dialoqu məsələsi, bir qayda olaraq, müxalifət mətbuatında qaldırılır. Amma cəmiyyətdə dialoq mühiti var", - Qurbanlı vurğulayıb.

"Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasmində bir daha bütün insanları əməkdaşlığa dəvət edib", - cümə axşamı Trend - a YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, dialoq məsələsi hakim partiyanın proqramında həmişə olub.

"Bu gün də partiyalar arasında çox yaxşı əlaqələr var. Prezident seçkisində biz hətta müxalifətdə olan bir çox partiyalarla əməkdaşlıq etdik, onlar bizim namizədimizi dəstəklədilər, təbliğat və təşviqat kampaniyasında iştirak etdilər", - Novruzov deyib.

YAP funksionerinin fikrincə, Azərbaycanda özlərini cəmiyyətdən kənarda saxlayan bir neçə partiya var.

"Bu problem barədə həmin partiyaların rəhbərləri düşünməlidirlər. Problem partiyaların ideologiyasında yox, onlara rəhbərlik edən şəxslərdədir. İlk növbədə həmin partiyaların daxilində islahat getməlidir, bundan sonra həmin siyasi qüvvələrlə gələcəkdə hansısa formada əməkdaşlıq etmək haqda düşünmək olar", - Novruzov bildirib.

YAP 1992 - ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti