...

Türkiyə Suriya - İsrail dialoqunda yeni səhifə açıb

Siyasət Materials 23 Dekabr 2008 14:52 (UTC +04:00)
Türkiyə Suriya - İsrail dialoqunda yeni səhifə açıb

Azərbaycan, Bakı, 23 dekabr/ Trend , müxbir Ü.Sadıqova/ Türkiyənin vasitəçiliyi Suriya və İsrail arasında birbaşa olmayan danışıqlara ciddi müsbət dəyişikliklər gətirməsə də, o, dialoqun gələcəkdə davam etdirilməsi üzrə Avropa İttifaqı (Aİ) və ABŞ -ın vəzifəsini əhəmiyyətli dərəcədə yüngülləşdirib.

"Yaxın Şərq güclü vasitəçiyə ehtiyac duyurdu. Aİ və ABŞ əvvəllər Türkiyə tərəfindən əldə olunan nəticələrə əsaslanaraq, bu danışıqlara yeniliklər gətirə bilər", - deyə Trend - a Londondan telefonla Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun Yaxın Şərq Proqramının elmi əməkdaşı Yosi Mekelberq bildirib.

Suriya və İsrail səkkiz illik fasilədən sonra, may ayından başlayaraq, Ankaranın vasitəçiliyi ilə dörd raundlu birbaşa olmayan danışıqlar aparıblar. Lakin ötən həftə rəsmi Dəməşq danışıqların beşinci raundunun bərpa olunmasından imtina edib və bunu İsraildəki siyasi qeyri - stabillik və qarşıdakı Baş nazir seçkiləri ilə əsaslandırıb.

Bazar ertəsi İsrailin Baş naziri Ehud Olmert Ankaraya rəsmi səfər edib və burada Suriya ilə birbaşa olmayan danışıqları müzakirə edib.

Türkiyəli vasitəçilərin Suriya - İsrail dialoquna tətbiq etdiyi səylərə baxmayaraq, tərəflər birbaşa danışıqlara başlaya bilməyiblər.

1967 - ci ildə İsrail tərəfindən işğal olunmuş və 1980-cı ildə İsrailə birləşdirilmiş Colan yüksəkliklərinin Dəməşqə qaytarılması məsələsi müzakirələrin əsas mövzusu olaraq qalır.

Türkiyənin vasitəçi kimi xüsusiyyəti ondan ibarətdir ki, hər iki tərəf ona inanır və o, həm Dəməşq, həm də Təl-Əvivlə davamlı əlaqələrə malikdir.

Ankaranın Dəməşq və Təl-Əvivi birbaşa danışıqlara sövq etmək istiqamətində altı aylıq səylərinə baxmayaraq, Suriya və İsrail yenə də bir-birini sülh prosesinin dayandırılmasında ittiham edirlər.

İsrail Suriyanı İranla, xüsuilə də hərbi sahədə sıx əməkdaşlıqda və aydın antiisrail siyasətləri ilə seçilən HƏMAS və Hizbullah qruplaşmalarını maliyyələşdirməkdə ittiham edir. İsrailin Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Suriya bu münasibətləri kəsməyincə, sülh haqqında söhbət belə gedə bilməz.

Dəməşq də, öz növbəsində, İsralin əsas içməli su ehtiyatı olan Kineret gölünün sahilinədək Colan yüksəkliklərinin tam qaytarılmasını israr edir.

Lakin cari ilin yayında Suriya ilə Avropa İttifaqı arasında münasibətlərin bərpasından sonra, Dəməşq və Avropa ölkələri, xüsusilə də Fransa Aİ - nin bu danışıqlara cəlb edilməsini istədiklərini bəyan ediblər.

Əl - Cəzirə telekanalının siyasi icmalçısı Əkrəm Huzam hesab edir ki, İsrail ilə danışıqlarda Avropa İttifaqının rolunun irəli sürülməsi, hələ Suriyanın bu məsələdə Türkiyənin iştirakının əlyehinə çıxış etməsi demək deyil.

"Əksinə, Suriya Türkiyənin vasitəçiliyini alqışlayır və prosesin Aİ, Türkiyə, ABŞ və Rusiya səviyyəsində aparılmasını istəyir", - deyə Trend - a Dəməşqdən telefonla Huzam bildirib.

Yayda Suriya prezidenti bildirib ki, bu danışıqlarda ABŞ -ın vasitəçiliyi yalnız Corc Buş Ağ Evdən gedəndən sonra mümkün ola bilər.

Ərəb analitik hesab edir ki, Türkiyənin beynəlxalq aləmdə ciddi nüfuzu var və buna görə, sözügedən məsələnin Türkiyənin vasitəçiliyi ilə həll edilməsi Suriya - İsrail danışıqlarının beynəlxalq əyhəmiyyətə malik olduğunu sübut edir.

Avropa ölkələri prezidentlərindən ilk dəfə olaraq Suriya ilə münasibətləri bərpa edən Fransa prezidenti Nikolya Sarkozi, Suriya - İsrail danışıqlarında Ankaranın vasitəçiliyini təqdir edib və Avropanın bu prosesə qoşulmağa hazır olduğunu bildirib.

"Avropanın İsrail ilə danışıqlarda Dəməşqə yardım marağı Aİ - nin Suriyaya canlı strateji nöqtə kimi baxmasından ibarətdir", - deyə Huzam bildirib.

Türkiyənin vastəçiliyi uğursuz alındığından, Ankara danışıqlarda gələcək rolunu yenidən nəzərdən keçirir.

Türkiyənin müstəqil politoloqu Mustafa Özcan hesab edir ki, Ankara, çətin ki, danışıqların irəliləməsinə nail olsun, buna görə Türkiyənin gələcək vasitəçiliyi sual altındadır.

"Türkiyə əsas problem - Colan yüksəkliklərinin qaytarılmasına yardım göstərə bilmədi", - deyə Trend -a İstanbuldan telefonla Özcan bildirib.

Lakin Türkiyənin vasitəçiliyi sayəsində hər hansı bir nəticənin əldə olunub-olunmamasından asılı olmayaraq, İsrail siyasi dairələri Ankaranın roluna müsbət yanaşırlar.

"Ankara əsas gücü İsrail ilə nadir əlaqələrinə yönəldir və hesab edir ki, bu, Təl - Əvivin ərəb qonşuları ilə barışıq əldə etməsində mühüm rol oyanaya bilər", - deyə Trend - a İsrailin Xarici İşlər Nazirliyindəki adının gizli saxlanılmasını istəyən mənbə bildirib.

Onun sözlərinə görə, Suriya - İsrail dialoqunda iştirak Türkiyənin Yaxın Şərqdə əsas sülh məramlı mövqeyini əldə etmək istəyindən irəli gəlir.

İsraildəki mənbə əlavə edib ki, Paris Avropanın, xüsusilə də Fransanın bu dialoqda vasitəçi rolunu öz üzərinə götürməsi səylərini qiymətləndirərək, İsrail və Suriya danışıqlarında "qızıl orta hədd" tapmağa cəhd göstərir. İsraildəki diplomatik mənbələrdən bildiriblər ki, bununla yanaşı, rəsmi Təl - Əviv Avropanın müdaxiləsinə qarşı deyil və Ankaranın vasitəçiliyini kifayət qədər yüksək qiymətləndirir.

Aİ - nin danışıqlarda vasitəçi rolunda digər məqsədi Yaxın Şərqdəki digər münaqişələrin həlli üçün Dəməşq ilə əlaqələrdən istifadə etməkdir.

"Suriya və İsrail arasındakı münaqişə həll olunarsa, o zaman Livan - İsrail münasibətləri də avtomatik olaraq yoluna düşəcək", - deyə ərəb analitiki Huzam bildirib.

Fəaliyyəti İsrailə qarşı yönələn Livanın Hizbullah partiyasını Dəməşq açıq şəkildə dəstəkləyir. Partiyanın fəallığı Livanda dəfələrlə vətəndaş müharibəsinə səbəb olub. 2006 - cı ilin yayında isə o, İsraillə müharibəyə başlayıb. İsrailin Hərbi Hava Qüvvələri partiya üzvlərini zərərsizləşdirmək məqsədilə Beyruta və Livanın digər ərazilərinə hava zərbələri endirib, nəticədə, Livanın 1500 - dən artıq dinc sakini həlak olub.

Huzam əlavə edib ki, Dəməşq və Təl - Əvivin barışıq əldə edəcəyi təqdirdə, Fələstin - İsrail münaqişəsi üzrə danışıqlar növbəti mərhələyə adlayacaq.

Qəzzə Zolağının təcrid edilməsinə cavab olaraq, İsrail ərazilərinə daim raket zərbələri endirən Fələstinin HƏMAS islami müqavimət hərəkatını maliyyələşdirənlərdən biri də Suriyadır.

"Avropanın Yaxın Şərqdə Suriya ilə sülhə nail olmaq məqsədi yenilik deyil", - deyə o bildirib.

Materilın hazırlanmasında A.Qut (İsrail), B.Həsənov (Bakı) iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti